3. Elektrik və qaz qaynağı
Elmi-texniki tərəqqinin inkişaf etdiyi bir şəraitdə, bu prosesi irəli aparan sahələrdən biri də qaynaq texnologiyalarıdır. Bu sahə istehsalatda texniki tərəqqini təyin edən əsas amillərdən biridir. Elektrik, qaz qaynağı texnologiyası intensiv surətdə inkişaf etməkdə olan və böyük perspektivlərə malik texnologiyalar sırasındadır. Qaynaq texnologiyasından bir çox sahələrdə geniş istifadə edildiyi kimi, maşınqayırma, maşınların təmiri sahələrində də geniş tətbiqini tapır.
Qeyd edildiyi kimi maşınların təmirində elektrik və qaz qaynağından geniş istifadə olunur. Elektrik və qaz qaynağı ilə hissələrin birləşdirilməsi, kəsilməsi və müəyyən bərpa işləri yerinə yetirilir. Bu zaman möhkəm birləşmələrin alınması ilə yanaşı işlərin vaxtında, çox əmək sərf etmədən yerinə yetirilməsi təmin olunur. Metalları qaynaq etməklə müxtəlif konstruksiyalar hazırlanır. Buna görədə elektrik və qaz qaynağından maşınların təmiri ilə yanaşı insanların məişətdə istifadə etdikləri alət və avadanlıqların təmirində və sənayenin müxtəlif sahələrində daha geniş surətdə tətbiq olunur.
3.1. Metalların elektriklə qaynaq edilməsi
İlk dəfə 1802-ci ildə akademik V. V. Petrov qövs boşalması hadisəsini kəşf etmişdir. Bununla da yaranan qövsün istiliyindən metalları əritmək üçün istifadə olunmuşdur. 1882-ci ildə rus ixtiraçısı N.N.Benardos kömür elektrodu vasitəsi ilə metalları qaynaq etmək təklifini irəli sürmüşdür. 1888-ci ildə dağ mühəndisi N.Q.Slavyanov qrafit elektrodu metal elektrodla əvəz etmişdir. 1904-cü ildə İsveç alimi O. Kelberq elektrod örtüklərinin öyrənilməsi ilə əlaqəli yeni təcrübələr aparmışdır. Bundan 7 il sonra İngilis alimi A.Stomenger təkmilləşdirmə apararaq asbest örtüklərin tətbiqinə nail olmuşdur. 1925-ci ildə A.Smit legirlənmiş quruyucu toz kütləsindən elektrod örtüklərində istifadə olunması kimi standart işləmişdir. Hal-hazırda elektrik qövsü ilə qaynaq işlərinin çoxu Slavyanov üsulu ilə yerinə yetirilir.
Elektrik qövs qaynağından başqa qaynaq növlərinə görə daha çox istifadə olunur. Bu üsulla istənilən ölçüdə olan məmulatları qaynaq etməklə yanaşı, onu mexanikləşdirmək mümkündür. Elektrik qövsü ilə avtomatik qaynaqetmə üsulundan artıq geniş istifadə olunur. Elektrik qövsü ilə qaynaqetmə üsulu müxtəlif sahələrdə tətbiq olunur. Bu üsulla dəmiryol vaqonları və platformaları, dəniz və çay gəmilərinin gövdələri, göyərtələri və başqa mühüm hissələrin qaynağı aparılır. Bununla yanaşı, yüksək təzyiq qazanları, qaldırıcı-daşıyıcı qurğular, qaz, maye və ya səpilən maddələr üçün çəkilən boru kəmərləri, kənd təsərrüfatı maşınları və digər maşın mexanizmlərinin hissələrinin və sairənin hazırlanmasında istifadə olunur. Bütün konstruksiya poladları və müxtəlif metalları elektrik qövsü ilə qaynaq etmək olar. Bu metallar sırasına boz və özlü çuqun, tökmə və toz halında olan bərk xəlitələr, mis, alüminium, nikel, titan və onların xəlitələri aiddir