Soyutma sistemində ventillər və qısa borular, radiatorun şlanqlı birləşmələri mayenin sızması nəticəsində ərp bağlayır və metal hissələrdə paslanma əmələ gəlir. Odur ki, vaxtaşırı olaraq ventillər və qısa borular yuyucu maye ilə yuyulmalı və ərpdən - pasdan təmizlənməlidir (Şəkil 1.31).
Dizel mühərriki iki üsulla işə salınır: elektrik starteri ilə işə salma və köməkçi mühərriklə işə salma. Şəkil 1.32 - də elektrik starteri göstərilmişdir.
Ətraf mühitdə normal temperatur olduqda yəni +5 dərəcədən yuxarı olduqda, dizel mühərriki starterlə işə salına bilir.
Soyuq hava şəraitində starterlə mühərrikin dirsəkli valını fırladıb başlanğıc nominal dövrlər sayı vermək mümkün olmadıqda mühərrik karbüratorlu işəsalma mühərriki ilə işə salınır.
Diqqət edin! İşəsalma karbürator - mühərrikinin (Şəkil 1.33) qida sistemi çökdürücü süzgəci olan az tutumlu yanacaq çənindən, karbüratordan, havatəmizləyicidən və səsboğanı olan qaz xaricetmə borusundan ibarətdir. Əsas mühərrik 480 moto - saat işlədikdən sonra havatəmizləyicinin süzücü elementini yuyun. 960 moto - saatdan sonra yanacağı karbüratora verən ştuseri yuyun.