Dizel mühərriklərində işlədilən yanacaq dizel yanacağı adlanır (Şəkil 1.13).
Dizel mühərrikləri havanın temperaturu +5 - dən yuxarı olduqda yay dizel yanacağı ilə, ondan çox aşağı olanda qış dizel yanacağı ilə işləməlidir. Havanın temperaturu -30C - dən aşağı olanda arktik dizel yanacağından istifadə olunur.
Yanacağın püskürdülməyə başlanmasından onun yanmağa başlanmasına qədər olan dövrə özbaşına alışmanın gecikməsi dövrü deyilir. Bu şərti kəmiyyət setan ədədi adlanır. Setan ədədi 40 - dan az olmamalıdır. Setan ədədi nə qədər çox olsa, gecikmə dövrü bir o qədər qısalır və mühərrik yumşaq işləyir. Dizel yanacağı normal şəraitdə yanarkən qurum əmələ gətirmir. Yanacaqda detalların yeyilməsinə şərait yaradan mexaniki qarışıq, habelə mühərrikin qeyri - müntəzəm işləməsinə imkan verən su olmamalıdır. Qarışıqları yanacaqdan kənar etmək üçün onu traktorun yanacaq bakına tökməmişdən qabaq çökməyə qoyun və süzgəcdən keçirin.
Yanacaq çənləri təbəqə poladdan hazırlanır. Böyük ölçülü bakların daxilində arakəsmələr olur (Şəkil 1.14). Arakəsmələr çənə sərtlik verir və traktor gedən zaman yanacağın hidravlik zərbələrini azaldır. Çənin yanacaq tökülən boğazında çıxarıla bilən torlu süzgəc və ölçü xətkeş olur. Çənin qapağında məftil tıxac olur və çən boşluğunu atmosfer ilə əlaqələndirmək üçün üzərində deşik açılmışdır. Yanacaq bakının aşağı hissəsində iki kran bağlanmışdır: yanacağı, yaxud çöküntünü çəndən kənar etmək üçün boşaltma kranı və yanacağın qida sistemi cihazlarına getməsi üçün sərfetmə kranı. Çənin həcmi traktorun 10 - 12 saat ərzində işləməsi üçün kifayət edir. Yanacaq çənlərə doldurulmamışdan qabaq azı 48 saat duruldulmalıdır. Traktor uzun müddət dayandıqdan sonra və hər 240 moto - saatdan bir çənlərə yanacaq doldurulmamışdan əvvəl onlardan 3 - 5 litr çöküntünü boşaldın. Traktoru qışda və yazda işə hazırlayan zaman yanacaq çənlərini və onların boğazlıqlarının süzgəclərini yuyun.