Bu təlim elementində daxiliyanma mühərriklərinin iş prinsipi və mühərriklərə texniki xidmət göstərilməsi haqqında məlumatlar verilir.
Daxiliyanma mühərriki (DYM) - ardıcıl olaraq yanacağın yanmasından alınan enerjini mexaniki enerjiyə çevirən qurğudur. DYMdə ümumi olaraq hava - yanacaq qarışığı kamerada alovlandırılır və yandırılır. Yanacaq zamanı ayrılan istiliyin nəticəsində kamerada olan qazın genişlənməsi silindrdə olan porşeni itələyir.
Yanacaq qarışığının alışması üsuluna görə porşenli daxiliyanma mühərrikləri sıxma nəticəsində alışan (dizel) və elektrik qığılcımından məcburi alışan (karbürator və qaz) mühərriklərə ayrılır.
Özüyeriyən kənd təsərrüfatı texnikaları üzərində və yedəkçi maşınlarda hərəkət mənbəyi kimi daxili - yanma mühərrikləri (Şəkil 1.1) qoyulur. Daxili - yanma mühərriklərinin iş prinsipi haqqında bilgilərlə tanış olaq.
4 gedişli daxiliyanma mühərriklərinin iş prinsipi
Bütün 4 gedişli (taktlı) mühərriklər daimi olaraq iş prosesini təkrar edir. Bu proses aşağıdakı gedişlərdən (taktlardan) ibarətdir:
1 - ci gediş - sorma gedişi (qaz və ya yanacaqla hava qarışığı) və ya yanacaq kamerasının sərbəst doldurulması. Porşen yuxarı ölü nöqtədən aşağı ölü nöqtəyə doğru hərəkət edir. Sorma klapanı açılır və xaricetmə klapanı isə bağlı saxlanır. Porşen aşağı ölü nöqtəyə çatanda takt başa çatır;
2 - ci gediş - sıxma gediş (yanacaq qarışığı sıxılır) - sorma və xaricetmə klapanlarının hər ikisi bağlı olur. Porşen aşağı ölü nöqtədən yuxarı ölü nöqtəyə doğru hərəkət edərək yanacaq- hava qarışığını sıxır. Porşen yuxarı ölü nöqtəyə çatmağa az qalmış yanma kamerasına qığılcım verilir;
3 - cü gediş - yanma genişlənmə və ya işçi gediş (yanacaq qarışığı yanır və porşen aşağıya itələnir). Karbüratorlu mühərriklərdə yanıcı qarışığın yanması alışdırma şamından verilən qığılcım hesabına baş verir. Dizel mühərriklərində isə qızmış havaya yüksək təzyiq altında püskürülən yanacaq öz - özünə alışaraq yanır.