Mürəbbə bişirərkən bir pay çiyələyə bir pay şəkər tozu qatılır, əgər çiyələk turşdursa, şəkər tozunu bir az artırmaq məsləhətdir.
Mürəbbə bürünc və ya şirəli ləyəndə bişirilir. Mürəbbə bişirilən qab darısqal olmamalıdır. Çiyələk mürəbbəsi iki üsulla bişirilir: bir dəfə, yəni tədricən qaynadıb bişirmək və arası kəsilmək şərti ilə bir neçə dəfə qaynadıb bişirmək. Mürəbbə üçün hazırlanmış çiyələyi şəkərlə birlikdə ləyənə töküb bir gecə saxlamaq lazımdır. Sabaha həmin qab odun üstünə qoyulur və yavaş-yavaş qızdırılır. Mürəbbə vam odda qaynamalıdır. Çiyələyin rəngini saxlamaq üçün mürəbbə bişirilən qaba bir az limon turşusu məhlulu tökmək olar. Çox qatı olan şəkər şirəsi ilə mürəbbə bişirəndə ləyəni hər 10-15 dəqiqədən bir odun üstündən götürüb soyutmaq, sonra yenə odun üstünə qoymaq lazımdır.
Meyvələr şirənin üzünə qalxan kimi mürəbbənin kəfi yığılır, arabir ləyən odun üstündən götürülür. Od alov ləyənin altına eyni bərabərlikdə dəyməlidir.
Çiyələkdən quru mürəbbə bişirmək üçün təmizlənmiş meyvənin üstünə mət şəkər şirəsi tökülür və arası kəsilmək şərtilə 5-6 dəqiqə qaynadılır. Qaynama vam odda aparılmalıdır. Mürəbbə bişib hazır olandan sonra soyudulur və sonra meyvə aşsüzəninə tökülür və şirə süzülənə qədər saxlanılır. Meyvələrdən şirə süzüləndən sonra onlar şəkərlə qarışdırılır və qurudulur. Meyvələr quruyandan sonra bir də şəkərlə qarışdırılır. Beləliklə, hazır mürəbbə bankalara doldurulur.
Kompot Çiyələkdən kompot hazırlamaq üçün yaxşı yetişmiş meyvələr istifadə edilir. Meyvələr saplaq və yarpaqdan təmizlənəndən sonra tərkibi 20-24 C olan şəkər şirəsi üzərinə tökülür: 0,5 litrlik banka 15 dəqiqə, 1,0 litrlik banka 20 dəqiqə saxlanılır. Yuxarıda göstərilən qayda ilə sterilizə edilib bankaların ağzı qapaqlanır.
Cem. Bunun üçün yarpaq və saplaqdan təmizlənmiş çiyələk turşuluğundan asılı olaraq 50-70 %-lik şəkər şirəsinin içinə tökərək qaynadırlar. Qaynama prosesi cem qatılaşanadək davam etdirilir. Sonra cem soyudularaq bankalara doldurulur.