|
TƏLİM NƏTİCƏSİ 4
Qida maddələrinin çatışmazlığı və xəstəliklərini bilir və
onlara qarşı mübarizə tədbirləri həyata keçirməyi
bacarır.
|
4.1. Əlavə yemləmə kimi mineral maddələrin (azot, fosfor, kalium, kalsium, maqnezium) çatışmazlıq əlamətlərini ayırd edir.
► Çiyələk bitkisində mineral maddələrin çatışmamazlıq əlamətləri
Çiyələyin boy atmasında və məhsuldarlığın artmasında gübrə əsas yer tutur. Yuxarıda qeyd etdiyimiz kimi, çiyələk bitkisinin kökləri saçaqlıdır. Buna görə də onun kökləri torpağa çox dərin getmir. Odur ki, çiyələk əkilmiş torpağın üst qatının münbit olmasına fikir verilməlidir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, çiyələk bitkisi üçün ən əlverişli gübrə üzvi gübrədir. Çünki üzvi gübrədə bitkiyə lazım olan əsas elementlərin hamısı var. Bundan əlavə, üzvi gübrə torpağın strukturunu yaxşılaşdırır və rütubəti saxlayır. Torpağı qabaqcadan gübrələmək çiyələk məhsulunun artmasına çox kömək edir. Buna görə də çiyələyin əkildiyi ilk illərdə məhsul həmişə keyfiyyətli və bol olur. Çünki qabaqcadan verilmiş gübrə bitki tərəfindən tez mənimsənilir.
Odur ki, çiyələk əkiləcək torpağı iki-üç il qabaqcadan gübrələmək və onda külli miqdarda humus maddəsinin yaradılmasına ciddi fikir vermək lazımdır. Çiyələk bitkisinin fosfor maddəsinə çox tələbatlı olmasını nəzərə alaraq, əkin qabağı torpağa mineral superfosfat gübrəsi verilməlidir.
Beləliklə, üç il ərzində hər il sahəyə 40-50 ton peyin verilsə və orada çiyələkdən qabaq yonca, yaxud tərəvəz əkilsə, torpaq xeyli münbitləşər. Çiyələk əkmək üçün torpaqda yaxşı şərait əmələ gələr. Çiyələk üçün ayrılmış sahənin hər hektarına əkin qabağı 20-30 ton çürümüş peyin və 2-3 sentner superfosfat gübrəsi verilsə, daha yaxşı olar və çiyələyin birinci il gübrəyə ehtiyacı olmaz.
Əgər sahələrə vermək üçün gübrə azlıq edirsə, gübrəni bilavasitə əkilən bitkilərin çalasına səpmək olar. Bu zaman tələb edilən gübrənin miqdarını sahənin hər kvadratmetri ilə hesablamaq olar.
Çiyələk bitkisi ləklərdə əkilərsə, gübrəyə qənaət etmək və bitkilərin ondan daha yaxşı istifadə etməsinə nail olmaq üçün gübrə ancaq ləklərə verilməlidir. Belə hallarda hər 1m2 sahəsinə səkkiz-on kiloqram çürümüş peyin və 30-40 qram mineral superfosfat gübrəsi səpmək kifayətdir.