Hörmətli oxucu!
Azərbaycan Respublikasında floranın zəngin və bitki örtüyünün rəngarəng olması onun fiziki-coğrafi və təbii tarixi şəraitinin müxtəlifliyi və həmçinin uzaq floristik sahələrin təsiri altında formalaşmış mürəkkəb tarixi ilə əlaqədardır.
Təzə meyvə-giləmeyvə istehsalının mövsümü xarakter daşımasına baxmayaraq, bunlar ilboyu gündəlik qidanın tərkibinə daxil olmalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Əhalinin ərzaq məhsulları ilə təminatına dair" Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncamına əsasən əhalinin meyvə-giləmeyvəyə olan tələbatının adambaşına normaya uyğun olması bir vəzifə olaraq qarşıya qoyulmuşdur.
Azərbaycan meşələrində ərzaq məhsulu kimi istifadə oluna bilən bir çox yabanı meyvə, giləmeyvə, dərman bitkilərinin böyük bioloji ehtiyatları vardır. Giləmeyvələrdən çiyələk daha geniş yayılmışdır.
Çiyələk meyvəsi həm təzə halında, həm də emal edildikdən sonra işlədilir. Çiyələk meyvəsindən mürəbbə, cem, krem, şərbət, şirə, jele, marmelad, qənnadı məmulatı və s. hazırlayırlar.