Maili ərazilərdə torpağın aşınmasına səbəb olmadan suvarıla bilər, suvarmanın aparılmasında külək təsir göstərmir, qrunt sularının səviyyəsi dəyişməz qalır, təkrar şorlaşmanın qarşısı alınır, suvarma suyu bitkilər arasında bərabər paylanır. Məhz bunun sayəsində torpağın şumlanan təbəqəsi kapillyar rütubət tutumluluğu səviyyəsində daim nəm saxlana bilir, cərgələrin arası isə bu zaman quru qalır, bu da alaq otlarının azalmasına şərait yaradır. Suyun torpaq səthindən buxarlanma ilə itkiyə getməsi baş vermədiyinə görə torpaq qabığında çatlar əmələ gəlmir və torpağın strukturu dağıntıya məruz qalmır. Damcılı suvarma zamanı torpağın temperaturu digər suvarma növləri ilə müqayisədə həmişə yuxarı olur, bu da bitkini don vurmadan qoruyur və erkən məhsul yığmağa imkan verir.
Damcılarla suvarma sistemlərinin çatışmayan cəhətləri: Su bulanıq olduqda sulayıcı boruların və xüsusilə damcıladıcıların tutulması, böyük sahələrdən damcıladıcılar arasında suvarma suyunun qeyri-bərabər paylanması; tikinti xərclərinin çox olması; plastmas boruların gəmiricilər tərəfindən sıradan çıxarılması təhlükəsi və s.
Damcı ilə suvarma zamanı ilk olaraq, suvarılacaq sahə və orada hansı bitkilərin əkilməsi planlaşdırılmalıdır. Boru kəmərlərinin, şlanqların və ayrı-ayrı damcıladıcıların yerləşmə sxemləri əkiləcək bitkilərin növündən asılı olaraq müəyyən edilməlidir. Suyun verilməsi üçün plastik borulardan istifadə etmək məqsədəuyğundur. Onlar ucuz, yüngül, paslanmayandır və ən başlıcası suvarma suyunun təmizliyi qorunur. Lazım gəldikdə sahəyə su ilə gübrələrin də verilməsini nəzərə alsaq, dəmir-çuqun borulardan istifadə etmək yolverilməzdir. Boru, şlanq və lentşəkilli xətlər torpaq üzərində asılı vəziyyətdə və ya basdırılmış şəkildə yerləşdirilə bilər. Birinci iki vəziyyətdə suyun kirəc bağlaması nəticəsində ayrı-ayrı damcıladıcıların tutulmasının qarşısını almaq məqsədilə tutqun, kəsik, qeyri-şəffaf borulardan, xətlərin torpağa basdırılması zamanı isə qalın divarlı borulardan istifadə etmək lazımdır.
Sistemə suyun verilməsinə xüsusi diqqət yetirilməlidir. Daimi su kəmərləri olmadığı hallarda ən sadə və ucuz başa gələn, ən azı bir suvarma sayını təmin edəcək su çənlərindən (ən azı 1,5-2 metr hündürlükdə olan) istifadə etmək olar. Lazım gəldikdə alternativ, amma baha başa gələn su nasoslarından istifadə etməklə suyun verilməsindən də istifadə etmək olar.
Damcı ilə suvarma zamanı ancaq təmiz sudan istifadə məqsədəuyğundur. Əsas problemlərdən biri istismar zamanı damcıladıcı sistemin - boru kəmərlərinin, şlanqların və ayrı-ayrı damcıladıcıların tutulması, dolmasıdır. Bunun qarşısını almaq məqsədilə filtrlərdən (süzgəclərdən) istifadə etmək lazımdır.
Suvarma başa çatdıqdan sonra xətlər yuyulmalıdır. Bunun üçün xəttin sonunda bağlayıcı-yuyucu hissə açılır və təmiz su gələnə qədər təmizlənir. Damcıladıcıların təmizlənməsi üçün yuma zamanı 20 mq\l xlor qarışığından istifadə məqsədəuyğundur. Hər bir damcıladıcının normal işləməsi zamanı torpaqda 30-40 sm diametrində nəm ləkə yaranır. Əgər nəm ləkə bu diametrdə az və ya tamamilə yoxdursa, deməli, damcıladıcı tutulmuşdur. Belə halda onlar ya təmizlənməli, ya da dəyişdirilməlidir.