3.2. Suvarılma üsullarını sadalayır.
► Suvarılma üsulları
Damcı ilə suvarma bir suvarma üsulu kimi ildən-ilə daha geniş tətbiq olunmağa başlamışdır. Belə ki, bu üsul dünyada yayılmış son texnologiya olub, özünü çoxdan doğrultmuşdur. Bu, kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Müasir şəraitdə bağçılıq və tərəvəzçiliyin inkişafı suvarma olmadan mümkün deyil. Damcı ilə suvarma ekoloji cəhətdən, vəsait qoyuluşu, keyfiyyətli suvarma və suvarma suyuna qənaət baxımından xüsusilə effektlidir. Bu üsulla həm suya, həm də işçi qüvvəsinə qənaət olunur. Torpağın humus qatı qorunur.
Damcı ilə suvarmanın iki növü vardır: Bağçılığın salınmasında damcı ilə suvarma (daimi sistem). Tərəvəz bitkilərinin damcı ilə suvarılması (mövsümi sistem).
Damcı ilə suvarmada suvarma suyuna 2-5 dəfə, elektrik enerjisinə 1,5-2,5 dəfə, gübrələrin suvarma suyu ilə lokal şəkildə verilməsi baxımından gübrəyə 20-50% qənaət olunur. Bu üsul ilə suvarmada məhsulun keyfiyyəti yaxşılaşmaqla bərabər, istehsalı da 25- 50% artır. Damcı ilə suvarma sistemləri - suqəbuledici, filtrasiya stansiyaları, magistral boru kəmərləri, paylayıcı boru kəmərləri və nəhayət su buraxıcıdan (sulayıcı borular üzərində qurulan damcıladıcılardan) ibarətdir. Damcı suvarma sistemlərinin quruluşu bitkinin və qruntun xüsusiyyətlərinə görə müxtəlif ola bilər. Odur ki, hidrotexnik və aqronomlar tərəfindən layihə işləri aparılan zaman suvarma borularının növü, su buraxıcılar arası məsafə düzgün seçilməli və suvarma rejiminin hidravliki hesabatı aparılmalıdır.
Mürəkkəb relyefli ərazilərdə damcı üsulunun tətbiqi sonrakı mərhələlərdə ağaclara keyfiyyətli qulluq göstərilməsinə imkan verir. Bu, mövsümdən asılı olmayaraq, suvarma suyundan mütəmadi və qənaətlə istifadəyə şərait yaradır. Qeyd edək ki, əsasən, meyvə və həmişəyaşıl ağacların əkilməsində tətbiq olunan bu üsul müxtəlif relyefli ərazilərdə ağacların bərabər səviyyədə keyfiyyətlə suvarılmasına imkan verir.
Artıq bu üsul Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Meliorasiya və Su Təsərrüfatı ASC-nin xətti ilə regionların müxtəlif bölgələrində tətbiq olunur. Bununla paralel fərdi təsərrüfatlarda da damcı üsulu ilə suvarmanın tətbiqinə nail olunur.
Qeyd edək ki, damcı üsulundan istifadə zamanı ağaclar əkin ərazilərinə qoyulan irihəcmli çənlərdən istifadə olunmaqla ayrı-ayrı kiçik diametrli boru vasitəsilə suvarılır. Suyun və gübrənin məsrəfini xeyli azaltmağa imkan verən bu suvarma metodunda suvarma zamanı su dozalı ölçülərlə, damcılarla bitkilərin kökünə, torpağın səthinə və ya kök zonasına dozalayıcı qapaqları olan boru şəbəkəsi vasitəsi ilə verilir.
Damcı ilə suvarmanın üstünlükləri: Damcılama üsulu ilə daha az su ilə daha çox sahə suvarılır.