|
TƏLİM NƏTİCƏSİ 2
Çiyələyin əkilmə qaydasını bilir və əkin sahəsini
hazırlamağı bacarır.
|
2.1. Sahənin seçilməsini təsvir edir.
► Sahənin seçilməsi
Çiyələk bitkisinin kökləri saçaqlı olduğundan, əsasən, torpağın üst qatının 20 sm dərinliyinə qədər gedir. Bitkinin kökləri yana 10 sm, bəzən 20-25 sm-ə qədər uzanır. Odur ki, çiyələk əkilən torpağın üst qatı münbit və rütubətli olmalıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, həddindən artıq rütubət də çiyələk üçün zərərlidir.
Azərbaycanın iqlim şəraitində cavan meyvə bağlarının torpaqlarından səmərəli istifadə etmək məqsədilə çiyələyi bağın cərgə aralarında əkmək olar. Çiyələk belə yerdə yaxşı inkişaf edir və bol məhsul verir. Çiyələk bitkisini kələ-kötür və çox maili yerdə əkmək olmaz. Düzən və su durmayan yer çiyələk üçün ən yaxşı yer hesab edilir.
Çiyələk əkmək üçün sahə seçilən zaman onun su ilə təmin edilməsinə, alaq otlarından təmiz olmasına fikir vermək lazımdır. Əkiləcək sahənin küləkdən qorunması üçün qoruyucu çəpər çəkmək məsləhət görülür. Çəpər olmayan yerdə çiyələyi hasar dibində əkmək olar. Çayır və kalış alaq otları, məftil qurdu olan torpaqlar çiyələk üçün əlverişsizdir. Belə torpaq 2-3 il əvvəldən şumlanmalı və təmizlənib əkinə hazırlanmalıdır.
Çiyələk bitkisi müxtəlif torpaqlarda bitir. Lakin sabit və yüksək məhsul almaq üçün çiyələyi gilli-qumlu və gilli torpaqda əkmək daha əlverişlidir. Qeyd etmək lazımdır ki, çiyələk hansı torpaqda əkilməyindən asılı olmayaraq, sahəyə şitil əkilməzdən əvvəl peyin və mineral gübrə verilməlidir. Bataqlıq, çox zəif və struktursuz torpaqlarda, şoran yerlərdə çiyələk əkmək olmaz.
Məlumdur ki, meyvə ağacları öz bioloji xüsusiyyətlərinə görə uzun ömürlü olur, güclü kök verərək enli çətir yaradırlar. Ağaclar məhsul verməyə də gec başlayırlar. Meyvə ağacları bir-birindən xeyli aralı əkilir. Ağacların arasındakı sahələr 7-10 il boş qalır. Yuxarıda dediyimiz kimi, ağacların cərgə aralarındakı boş yerlərə azömürlü və alçaqboylu bitkilər, o cümlədən çiyələk əkmək olar. Beləliklə, həm torpaqdan səmərəli istifadə edilər, həm də çiyələyə verilən suyun, gübrənin ağaclara xeyri dəyər. Cavan meyvə bağlarında çiyələk əkəndə, bitkilər meyvə ağacının gövdəsindən 2 metr aralı olmalıdır.
Çiyələk bitkisi bir yerdə 5-6 il qaldığı üçün torpağın əkinqabağı becərilməsi böyük əhəmiyyət kəsb edir. Əgər torpaq əkinqabağı yaxşı becərilməmişsə, məhsuldarlıq aşağı olur. Torpağın əkinqabağı hazırlanmasında əvvəllər sahədə əkilən bitkilərin rolu böyükdür.