1.2. Çiçək saplağının funksiyasını təsvir edir.
► Çiçək saplağının funksiyası
Çiyələyin generativ orqanları çiçək saplağında formalaşır ki, bu da öz növbəsində şəklini dəyişmiş zoğdur. Çiçək saplağı erkən yazda çiçək tumurcuğundan və boy nöqtəsində yerləşən üst yarpaq qoltuğundakı tumurcuğundan əmələ gəlir. Çiçək saplağı aprel ayında generativ tumurcuqlardan əmələ gəlir və barvermənin sonuna kimi qalır. Çiçək saplağında 1-2 gövdə yarpağı və hamaşçiçək əmələ gəlir. Bir kolda olan çiçək zoğlarının və bir çiçək salxımında olan çiçəklərin sayı bitkinin sortundan, yaşından və aqrotexnikasından asılıdır. Əksər sortlarda kolda hər birində 4-10 çiçək olmaqla 4-12 ədəd çiçək zoğu olur.
Sortların böyük əksəriyyəti ikicinsli çiçəklər əmələ gətirir. Lakin geniş çiyələk sahələrində ancaq bir sortun əkilməsi məsləhət görülmür, çünki bu halda məhsuldarlıq aşağı düşür və əlverişsiz illərdə eybəcər və inkişaf etməmiş meyvələr əmələ gəlir. Bar verən bitkilərin birinci üç ilində buynuzcuqların sayının artması üçün daha əlverişli mühit yaranır. Bitkilərin inkişaf şəraiti (boy atması) pisləşdikdə az sayda yan tumurcuqlar əmələ gəlir.
Çiçək saplaqları qalın və ya nisbətən nazik, yumru və bitişik olur. Müəyyən edilmişdir ki, qalın və bitişik çiçək saplaqlarında nisbətən iri meyvələr əmələ gəlir. Çiyələk bitkisində çiçək saplaqları yarpaqlara nisbətən fərqli yerləşirlər. Bəzi sortlarda onlar kolun yarpaqlarının səviyyəsindən bir az yuxarıda, bəzilərində yarpaqlarla bərabər, digərlərində yarpaqlardan aşağıda yerləşirlər. Çiçək saplaqları yarpaqlardan aşağı səviyyədə yerləşdikdə meyvələr torpaqla təmasda olur və yüksək əmtəə keyfiyyəti təmin olunmur.
Hamaşçiçəklərin əmələ gəlməsi günün işıqlı vaxtının 10-12 saata qədər qısalması və gecə temperaturun 5-8 dərəcəyə enməsi zamanı baş verir. Əlavə hamaşçiçəklər erkən yazda çiyələk bitkisini polietilen altında yetişdirdikdə də əmələ gələ bilər. Qar əridikdən sonra və orta temperatur 5 dərəcədən yuxarı olduğu halda çiyələyin boy inkişafı tənzimlənir, təxminən 2-2,5 həftədən sonra çiçək saplaqları əmələ gəlir.