Tədqiqatlara əsaslanaraq belə bir ümumi nəticəyə gəlinmişdir ki, yüksək məhsuldar inəklər zootexniki normalar əsasında qida maddələri ilə balanslaşdırılmış tam dəyərli yem rasionları ilə yemləndikdə onların süd məhsuldarlığı artır, südün keyfiyyəti, yemlərin tərkibində olan qida maddələrinin mənimsənilməsi artır, vahid məhsul istehsalına az yem sərf olunur, məhsulun maya dəyəri xeyli aşağı düşür, maddələr mübadiləsi və enerji mübadiləsi yaxşılaşır, nəhayət, orqanizm normal inkişaf etməklə bir sıra endemik xəstəliklərə davamlı olur. Hazırda respublikanın heyvandarlıqla məşğul olan fermer təsərrüfatlarında ən əsas problem yem bazasını möhkəmləndirməklə inəklərin keyfiyyətli, qida maddələri ilə zəngin olan tam dəyərli yem payları və yem rasionları ilə yemlənməsidir. Məlumdur ki, digər ölkələrdən respublikamıza yüksək məhsuldar cins düyələr gətirilir. Şübhəsiz, həmin heyvanların məhsuldarlıq qabiliyyəti hər şeydən əvvəl onun cinsindən asılıdır. Unutmaq olmaz ki, yüksək məhsuldar inəklərin orqanizmində elə mürəkkəb, oxşarsız proseslər gedir ki, bəzən onların mənasını anlamaq o qədər də asan olmur. Məsələn, diri çəkisi 500 kq və illik süd məhsuldarlığı 4000 kq olan inəyin orqanizmindən çıxan quru maddənin miqdarı orqanizmdə olan miqdarından təqribən 2,6 dəfə çox olur. Aparılan hesablamalara görə, 1 litr südün əmələ gəlməsi üçün inəyin yelinindən 400 litrə qədər qan keçməlidir. Belə inəyin orqanizminin saxlanması üçün 7000 k/kalori və 1 litr südün əmələ gəlməsi üçün 712 k/kalori təmiz enerji tələb olunur. 20 kq süd verən inəyin süd məhsulu ilə təqribən 660-700 q zülal, 700- 840 q yağ, 70-80 q mineral maddələr ixrac olur.
Yüksək məhsuldar cins heyvanlar kifayət qədər yüksək keyfiyyətli yem rasionları ilə yemlənmədikdə, bir müddətdən sonra onlardan gözlənilən məhsul alınmayacaq, heyvanlar get-gedə cırlaşacaq və nəhayət, cinslilik qabiliyyətini itirəcəklər. Bütün bunları heyvandarlıqla məşğul oian təsərrüfat rəhbərləri, fermerlər, xüsusilə də mütəxəssis olmayan fermerlər nəzərdən qaçırmamalıdır!