Bir sıra təsərrüfatlarda heyvanların qısır qalması, zəif və bəzən də ölü balaların doğulması, mal-qara arasında müxtəlif endemik xəstəliklərin baş verməsinin əsas səbəbi bu təsərrüfatlarda tədarük edilən yemlərin qida maddələrinə görə qiymətləndirilməməsi və malqaranın keyfiyyətsiz yemlərlə yemlənməsidir. Onu da qeyd etmək lazımdır ki, hazırda əksər təsərrüfatlarda heyvanların norma əsasında yemlənməsi onların növündən, yaşından, məhsuldarlıq göstəricilərindən asılı olaraq, kompleks qida maddələri ilə (zülal, mineral maddələr, vitaminlər) balanslaşdırılmış tam dəyərli yem rasionları tərtib edilmir, həmçinin yem rasionlarında qida maddələrinin optimal nisbəti nəzərə alınmır. Bu da hər şeydən əvvəl heyvan orqanizminin normal inkişafına və məhsuldarlığına mənfi təsir göstərir.
Zootexniki normalara uyğun yemləmə, orqanizmdə funksional və morfoloji dəyişikliklərin ən mühüm amilləri – heyvanların böyüməsi, inkişafı, məhsuldarlığı, məhsulun və heyvanların damazlıq keyfiyyətinin təkmilləşdirilməsi yemləmədən asılıdır. Elm sübut etmişdir ki, heyvanlar üçün yem payları və yem rasionları düzgün tərtib edilmədikdə, xüsusən də yem rasionlarının tərkibində göstərilən qida maddələri çatışmadıqda və ya həddindən artıq olduqda hər şeydən əvvəl orqanizmdə maddələr mübadiləsinin pozulmasına və onun normal inkişafına mənfi təsir göstərməklə, məhsuldarlığın azalmasına, cavanlarda inkişafın zəifləməsinə, vahid məhsul istehsalına daha çox yem sərf olunmasına və məhsulun maya dəyərinin artmasına səbəb olur.
Müxtəlif səbəblər nəticəsində məhsuldar heyvan tələb olunan miqdarda qida maddələri almazsa, onda bir müddət orqanizmdə toplanan qida maddələri fondundan istifadə edəcək, bu hal uzun müddət davam edərsə, onun gələcəyi aydındır, heyvan getgedə arıqlayacaq, məhsuldarlığı aşağı düşəcək və bəzi xəstəliklərə daha həssas olacaqdır. Məhz buna görə də heyvanlar məhsuldarlıq dövrlərində tələb olunan miqdarda bu və ya digər qida maddələri ilə zəngin, tam dəyərli yem rasionları ilə yemlənməlidir.
Beləliklə, göstərilənlərdən aydın olur ki, düzgün yemləmə heyvanların yüksək məhsuldarlığını, normal törəyib artma funksiyasını, sağlamlığını təmin edən əsas amildir.