Örüş və əkinçilik sahələri üzrə torpaq istifadəçiləri ilə aparılan sorğular və müşahidələr bir daha göstərir ki, onların əksəriyyətinin təsəvvüründə mineral gübrə dedikdə ammonium şorası (ammonium nitrat) başa düşülür. Fosfor və kalium gübrələrinə çox az əhəmiyyət verirlər. Bunun da bir çox subyektiv səbəbləri vardır. Peşə yönümündən asılı olmayaraq, 867 min ailə torpaq payı almışdır və onlar təsərrüfatlarını idarə edirlər. Onların böyük əksəriyyəti ixtisas və peşəsinə görə kənd təsərrüfatı ilə əlaqəsi olmayan müəllim, həkim, mühəndis və başqalarıdır. Ona görə də kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırırıq ki, bitki üçün bu gübrələrin hamısı eyni dərəcədə lazımdır, biri digərini əvəz edə bilməz. Gübrələrin hər hansı biri ilə birtərəfli gübrələməyə nisbətən onlardan birlikdə istifadə olunduqda yaylaq və otlaq sahələrində ən yüksək səmərə alınır.
Gübrə təminatını yaxşılaşdırmaqla vahid otlaq və əkin sahəsindən yüksək və keyfiyyətli məhsul götürmək, torpaqların münbitliyini bərpa etmək və yüksəltmək, istehsalın səmərəliliyini artırmaqla əhalinin sosial rifah halını yaxşılaşdırmaq, kənddə yoxsulluğu azaltmaq mümkündür.
İdxal olunan mineral gübrələrin xeyli hissəsi mürəkkəb və kompleks gübrələr formasında gətirilir ki, bunların tərkibində olan azot, fosfor və kaliumun nisbəti bitkilərin tələbatına uyğun deyil. Məsələn, ammofosun tərkibində 11-12 % azot, 50 % fosfor vardır ki, burada azotun fosfora nisbəti 1:5-dir. Bu da bitkilərin tələbatına uyğun deyil. Ona görə də mürəkkəb gübrələrdən istifadə edərkən optimal nisbətin çatışmayan hissəsini sadə gübrələrlə tamamlamaq lazım gəlir.
Bir mühüm məsələ də diqqətdən qaçmamalıdır. Torpağın tərkibində ehtiyat formasında olan qida maddələrinin, başqa sözlə desək, torpağın təbii münbitliyi hesabına və tətbiq edilən aqrotexniki tədbirlərin hesabına respublikada bəzi bitkilər üzrə ümumi məhsul yığımı yüksəkdir. Otarma, biçilmiş ot, yaxud küləş məhsulu ilə torpaqdan xeyli miqdarda qida maddəsi çıxarılır. Torpağa isə çox az miqdarda qida maddəsi gübrə şəklində qaytarılır. Nəticədə, torpaqda qida maddələrinin balansı pozulur. Aparılmış uzun müddətli tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Respublikamızın əkinə yararlı torpaqlarında əsas qida maddələri (azot, fosfor, kalium) balansı mənfidir. Onların fərqi yüksəkdir, yəni məhsulla torpaqdan çıxarılan miqdarı qida maddələrinin təbii dövranı və gübrə şəklində torpağa qaytarılan hissədən çoxdur. Bu da torpaq münbitliyinin ildən-ilə aşağı düşməsinə səbəb olur.