Bu torpaqlarda fosfor gübrələrinin səmərəliliyini artırmaq üçün onların əsas gübrə kimi dərin şum altına verilməsi böyük əhəmiyyətə malikdir. Fosforun illik dozası çox olduqda onun bir hissəsini əsas gübrə kimi şum altına, qalan hissəsini səpinlə birlikdə və vegetasiya müddətində otlağa yemləmə şəkilində verməklə dərin basdırmaq məsləhətdir.
Kalium gübrəsinin illik normasının yarısını əsas gübrə kimi şum altına, qalan hissəsini isə vegetasiya müddətində yemləmə şəklində vermək faydalıdır. Gübrələrin faydalılığını hesablayarkən onun bilavasitə otlaqdakı torpağa verildiyi ildə olan təsiri ilə yanaşı, sonrakı illərdəki təsirini, məhsulun keyfiyyətinin yaxşılaşmasını, torpağın münbitliyinin artmasını da nəzərə almaq lazımdır.
Otlaq sahələrində torpağın münbitliyinin artırılmasında, fiziki-kimyəvi xassələrinin yaxşılaşmasında, bitkilərin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsində üzvi gübrələrin, o cümlədən peyinin əhəmiyyəti böyükdür. Üzvi gübrələrə peyin, peyin şirəsi, fekalii, quş zılı, kompostlar, şəhərin üzvi tullantıları, yaşıl gübrələr (sideratlar) və s. aiddir. Peyinin tərkibində 0,5 % azot, 0,25 % fosfor, 0,6 % kalium, bir çox makromikroelementlər vardır. Peyinin tətbiq edilməsi nəticəsində bitkilərin torpaqdan aldıqları qida maddələri yenidən torpağa qaytarılır. 20 ton peyinin tərkibindəki qida maddələrinin miqdarı 3,0 sentner ammonium nitrata, 2,5 sentner superfosfata, 2,0 sentner kalium xloridə bərabərdir. Peyin və digər üzvi gübrələr torpağı qida maddələri ilə zənginləşdirir, torpağın münbitliyini və bitkilərin məhsuldarlığını artırır, suya davamlı struktur aqreqatlarının miqdarını yüksəldir, torpağın su-fiziki xüsusiyyətlərini, o cümlədən susaxlama, su və hava keçməni yaxşılaşdırır. Onun tərkibində olan və torpaqda yaşayan faydalı mikroorqanizmlərin fəaliyyəti sayəsində torpağın tərkibindəki çətin həll olan mineral qida maddələri asan mənimsənilən formaya çevrilir. Peyinin ətrafında olan mikroblar üzvi maddələri parçalayaraq bilavasitə bitkinin kök sisteminin sorulma zonasında asan mənimsənilən qida maddələrinin miqdarını artırır və bütün vegetasiya boyu gübrənin səmərəli təsir müddətini uzadır. Peyin və digər üzvi gübrələr mineral gübrələrlə birlikdə tətbiq edildikdə onun səmərəsi daha yüksək olur. Belə ki, torpağa mineral gübrə verilərkən onda qida maddələrinin zərərli artımı müşahidə olunur. Bu zaman qida maddələrinin bir hissəsinin çətin həll olan formasına keçməsinə, başqa sözlə, qida maddələrinin itkisinə səbəb olur. Peyinin mineral gübrələrlə birlikdə tətbiqi bu çatışmazlığı aradan qaldırır.
Ən yaxşı üzvi gübrələrdən biri də biohumusdur. Biohumus dünya bazarında ən keyfiyyətli ekoloji təmiz gübrə hesab edilir. Biohumusun tərkibində 16 % ümumi humus, 3,2 % ümumi azot, 2,2 % ümumi fosfor, 2 % ümumi kalium və digər zəruri makro-mikroelementlər vardır. Biohumus peyinə nisbətən daha üstün üzvi gübrə hesab edilir. Bioloji əhəmiyyətinə görə 1 ton biohumus 10-15 ton təzə peyinə bərabərdir.
Qeyd etmək lazımdır ki, gübrə torpağa yox, bitkiyə verilir. Ona görə də sahəyə verilən azot, fosfor və kalium gübrələri, daha doğrusu, onların tərkibindəki təsiredici maddələrin (N, P2O5, K2O) nisbəti becərilən bitkinin tələbatına uyğun olmalıdır. Lakin təəssüflə demək lazımdır ki, məhsulun əmələ gəlməsi üçün zəruri olan bu mühüm amil nəzərə alınmır. Sadə gübrələrdən istifadə edilərkən bu nisbəti tənzimləmək asandır.