İkiillik yoncanın ikinci biçinini toxum məqsədilə saxladıqda yüksək keyfiyyətli toxum istehsal edilməsi üçün yaxşı şərait yaranır. Belə ki, birinci il səpilən yoncaya nisbətən 2 illik yoncanın köklərində daha çox fır bakteriyaları əmələ gəlir. Bitkilərin kökləri bioloji xüsusiyyətlərinə uyğun olaraq torpağın dərinliyinə işləyir. Sahə aşağı sürətli suvarma ilə suvarılmalıdır. Suvarılan aran rayonlarında toxumluq yonca sahəsində ikinci suvarmaya qönçələmə fazasında başlamaq lazımdır. Üçüncü suvarma isə çiçəkləmənin sonunda, paxlaların əmələ gəldiyi vaxtda aparılmalıdır. Toxumluq yonca sahəsi yüksək aqrofonda becərilməlidir. Əgər sahədə qızıl sarmaşıq (küskütotu) və digər alaq otları varsa, işçi qüvvəsinin köməyi ilə təmizlənməli və kənarda yandırılmalıdır. Bu tədbir çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Bundan başqa, tozlanmanın yaxşı getməsi üçün yoncalıqlarda arı ailələrinin saxlanması zəruridir. Bitkinin paxlalarının 90-95%-i qonurlaşanda biçin başlanır. İkiillik yonca sahəsinin ikinci biçininin toxuma saxlanması ilə əlaqədar olaraq, demək olar ki, həmin müddətdə gəmiricilərə təsadüf edilmir.
Yuxarıda göstərilən tədbirlərin optimal vaxtda yerinə yetirilməsi yoncanın hektardan toxum məhsuldarlığını artırır. Hər hektardan 3-5 sentner yonca toxumu istehsal edilməsinə nail olunur. Bəzən, ehtiyac olduqda alaq otlarından təmiz və normal sıxlıqda olan 3 illik yonca sahələrinin də ikinci çalımını toxum üçün saxlamaq olar. Toxumluq yoncanı isə paxlalarının 70-80%-i yetişdikdə yığmaq lazımdır. Gecikdirilmiş yığımda paxlalar açılıb toxumları tökülür və itkiyə səbəb olur. Toxumyığan istənilən maşın xırda toxum üçün uyğunlaşdırılmalıdır. Yığım vaxtı sahədə yaşıl kütlə çoxdursa, ikifazalı yığım aparılır. Əvvəlcə maşınla biçilib tirələrə yığılır, 2-3 gün sonra bu kütlə kombaynla döyülür. Döyülmüş toxum 2-3 sm qalınlığında sərilib qurudulduqdan sonra təmizlənir və kisələrə yığılır. Təmizliyinə və cücərmə faizinə görə toxumlar iki sinfə bölünür: birinci sinfin təmizliyi 96%, cücərmə qabiliyyəti 80%, nəmliyi 13%, ikinci sinfin təmizliyi 96%, cücərmə qabiliyyəti 70%, nəmliyi 13% olmalıdır.
7.2.1.1 Yoncanın biçilməsinin xüsusiyyətləri
Hava şəraiti əlverişli olduqda il ərzində yoncanı 4-5 dəfə quru ot üçün çalmaq olar. Çox vaxt yonca sutkada 2-3 sm boy atır. Quru ot üçün yoncanı qönçələmə fazasının axırı – çiçəkləmənin başlanğıcında biçmək zəruridir. Biçin gecikdirildikdə otun kimyəvi tərkibi pisləşir və keyfiyyəti aşağı düşür. Nəzərə almaq lazımdır ki, axırıncı çalım qışlamaya (şaxtalara) 3-4 həftə qalmış aparılmalıdır. Bu müddətdə o, böyüyə bilir, rozet əmələ gətirir və kifayət qədər ehtiyat qida maddələri toplaya bilir. Müşahidələr göstərir ki, yoncanın gec çalınması qışlama zamanı çox vaxt bitkilərin məhv olmasına səbəb olur. Tam qiymətli məhsul toplamaqdan ötrü çalınma hündürlüyünün böyük əhəmiyyəti var. Otların biçilməsində bitkilərin çoxlu miqdarda plastik maddələr ehtiyatı toplanan gövdələrinin alt hissəsinin saxlanması zərurətini nəzərə alaraq, yoncanı yerdən 6-8 sm yüksəklikdə biçmək məsləhətdir. Çünki bu, bitkilərin yaxşı qışlamasına yardım edir. Yonca otunun qısa müddətdə yığılmasına ciddi fikir vermək lazımdır. Biçilmiş yoncanın qurudulmasında əsas məqsəd onda rütubəti azaltmaq və quru otu uzun müddət yaxşı saxlamaqdır. İtkinin qarşısını almaq və onu kəskin surətdə azaltmaq üçün otun qurudulma müddətini minimuma çatdırmaq lazımdır.