Müəyyən edilmişdir ki, yoncaya fitonomus adətən həyatının 2-3-cü illərində daha çox zərər vurur. Fitonomusla mübarizə tədbiri kimi “Korban-4” kimyəvi preparatının 1,5 l/ ha normasında çiləmə aparılması yaxşı effekt verir.
Yonca yarpaqbükəni – Zərərverici bitkiyə, əsasən, yarpaqların güclü inkişafı dövründə ciddi ziyan vurur. Zərərvericinin zədəsi nəticəsində yarpaqlar bir-birinə yapışaraq inkişafını dayandırır. Bunun nəticəsində assimilyasiya prosesi pozulur, bitki bütövlükdə inkişafdan qalır. Zərərvericiyə qarşı mübarizə tədbiri olaraq "Koruma DDYP 55EC" preparatı ilə 0,6-1,0 kq/ha normasında çiləmə aparılır.
Yonca taxtabitisi – Zərərverici toxumlar anbarda saxlanıldığı vaxt ciddi ziyan vurur. Anbarda saxlanılan toxumları deşməklə onların rüşeymini yeyərək tamam sıradan çıxarır. Bunun nəticəsində səpindən sonra bitkilərin çıxışı zamanı geniş miqyasda seyrəklik yaranır. Bu zərərvericiyə qarşı yaxşı olar ki, həm tarla şəraitində, həm də anbar şəraitində "Kohinor SC-350" kimyəvi preparatını 1000 litr suya qarışdıraraq dezinfeksiya və mübarizə tədbiri kimi çiləmə aparılması məqsədəuyğundur.
Yonca toxumyeyəni – Bu zərərverici ən çox toxumluq sahələrə zərər vurur. Yonca toxumyeyəni yoncanın meyvəsi əmələ gələn vaxt yaşıl meyvə içərisinə öz yumurtalarını qoyur. Yumurtadan çıxmış sürfələr yetişməkdə olan paxlaları yeyərək məhv edir. Bu zərərvericilərə qarşı mübarizə tədbiri olaraq, toxum materialı təmizlənərkən ayrılmış tullantıların hamısı birlikdə yandırılmalıdır. Sahədən toxum yığıldıqdan sonra bütün bitki qalıqları məhv edilməlidir. Toxum materialı səpinqabağı dərmanlanmalıdır. Vegetasiya dövründə isə yoncanın toxumluq meyvəsi əmələ gələnədək hektara 1,5 litr/ha normasında "Korumaqor-40" kimyəvi preparatı ilə çiləmə və ya hektara 18 kq heksaxloran tozlandırmaqla mübarizə aparılması müsbət nəticə verir.
Noxud mənənəsi – Zərərverici, əsasən, bitkinin uc yarpaqlarında yığılaraq onun şirəsini sorurlar. Zərərverici bir sutkada on minlərlə yumurta qoyaraq çoxala bilir. Əgər vaxtında qarşısı alınmasa, çox böyük fəsadlar törədə bilər. Ona görə də bu zərərvericini daim diqqətdə saxlamalı, sahədə aşkar olunan kimi "Mostar 20 SP" preparatı ilə 2 kq/ ha normasında mübarizə tədbirinə başlamaq lazımdır.
Yonca sovkası – Bitkiyə kələm ağ kəpənəyi tərəfindən yarpaqların alt hissəsinə qoyulmuş yumurtalardan çıxan kiçik tırtıllar zərər vurur. Belə ki, yumurtadan çıxmış tırtıllar böyük acgözlüklə bitkinin yarpağını yeyirlər. Nəticədə, bitkilər çılpaqlaşaraq məhv olurlar. Bu zərərvericiyə qarşı ən yaxşı mübarizə tədbiri kimi "Kortomil-90SP" preparatının 0,8-1kq/ha norması mübarizə tədbiridir.
Yonca bitkisinin toxum məqsədilə becərilməsi. Toxumluq məqsədilə yoncanı gen cərgəli üsul (60-45 sm) ilə səpirlər. Səpin norması cücərən toxum hesabı ilə 10-15 ədəd/metr və ya çəki ilə 8-10 kq/ha-dır. Yoncanın ot və yaşıl yem üçün birinci biçini adətən may ayının sonunadək başa çatdırılır. Birinci biçindən sonra hektara fiziki çəki hesabı ilə torpaq kartoqramı nəzərə alınmaqla təsiredici maddə hesabı ilə 30-45 kq fosfor, kalium gübrələri verilərək, sahəyə 3-5 sm dərinlikdə çarpaz dırmıq çəkilməlidir. Qönçələmə fazasında toxumluq sahə 50 kq/ha azot hesabı ilə yemləndirilir.