Yonca sahələrinin biçinlərarası vaxtlı-vaxtında suvarılması və suvarma qabağı yemləmə gübrələrindən (superfosfat) istifadə edilməsi bol məhsul istehsal etməklə yanaşı, bitkilərin fizioloji inkişafını təmin edir.
Azərbaycan Elmi Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun Respublikanın müxtəlif bölgələrində apardığı tədqiqatlar göstərmişdir ki, Mil-Muğan və Şirvan bölgələrində birillik yonca əkinlərində səpinindən birinci biçiminə kimi 1-2, sonrakı hər biçindən sonra 1 vegetasiya suyu verilməlidir. Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə- Qazax və Qarabağ bölgələrində birinci biçiminə kimi torpaq suyundan başqa, 2-3, sonrakı hər biçinə isə 2 vegetasiya suyu vermək daha məqsədəuyğundur.
Yoncanın xəstəlik və zərərvericiləri. Yoncanın bir çox spesifik xəstəlik və zərərvericiləri var. Bitkinin xəstəlik və zərərvericilərə davamlılığını artırmaq üçün ilk növbədə yonca əkin sahələrində vegetasiya müddətində kalium və fosfor gübrələri ilə yemləmə aparılmalı, növbəli əkin sisteminə riayət edilməli və toxumlar səpindən əvvəl dərmanlanmalıdır.
Yoncada yalançı unlu şeh, qonur ləkə, sarı ləkə, pas və askoxitoz və s. xəstəlikləri mövcuddur.
Yalançı unlu şeh (Çiçək kifi) – Bu xəstəlik bütün zonalar üzrə yoncanın ən geniş yayılmış xəstəliklərindəndir. Bu xəstəlik ən çox toxumla yayılan xəstəlik hesab olunur. Ona görə də səpindən əvvəl toxumlar mütləq dərmanlanmalıdır. Cücərtilər alındıqdan sonra isə “Ridomil Qold” kimyəvi preparatından 2,5 l/ha normasında çiləmə aparılmalıdır.
Qonur ləkə – Bu xəstəlik yonca bitkilərinə səpin ili daha çox sirayət edir. Artıq ilk cücərtilər əmələ gəldikdə xəstəliyin ilkin əlamətləri görünməyə başlayır. Ona görə də xəstəliyin ilkin əlamətləri aşkar olunan kimi 3-4% bordo məhlulu ilə 12-15 kq/ha norması ilə çiləmə aparılmalıdır.
Sarı ləkə – Bu xəstəliyə qarşı mübarizə tədbiri qonur ləkə xəstəliyində olduğu kimidir.
Pas xəstəliyi yonca bitkisinə adətən həyatının ikinci ilindən sonra daha çox zərər vurur. Xəstəliyə ən çox bitkinin alt yarpaqları yoluxur. Çünki alt hissələrdə nəmlik daha çox olduğu üçün xəstəlik qısa müddətdə yayıla bilir. Bu xəstəliyə qarşı mübarizə tədbiri olaraq vegetasiya suvarmalarına daha çox diqqət yetirilməlidir. Çalışmaq lazımdır ki, suvarma zamanı su gölməçələri yaranmasın. Kimyəvi mübarizə tədbiri olaraq “Topaz KE” preparatının 1kq/ha normasında çilənməsi nəticəsində bitkini bu xəstəlikdən qorumaq mümkündür.
Askoxitoz xəstəliyi "askoxisos” göbələkləri tərəfindən törədilir. Bitkilər xəstəliyə ən çox paxla bağlama fazasında yoluxurlar. Belə ki, xəstəlik nəticəsində paxlalar inkişafdan qalaraq saralıb tökülürlər. Bu xəstəliyə qarşı “Kendozin-Sowp” kimyəvi preparatından 300 qram 1000 litr suda qarışdırılaraq 1 hektar normasında çiləmə aparılmalıdır.
Yonca bitkisinə, əsasən, yonca birəsi, fitonomus, yonca yarpaqbükəni, yonca taxtabitisi, yonca toxumyeyəni, noxud mənənəsi, yonca sovkası kimi zərərvericilər ziyan vurur.
Fitonomus yonca bitkisinin ən təhlükəli zərərvericisi hesab olunur. Fitonomus böcəkləri sahələrdə bitkinin yarpaq və təzə əmələ gəlmiş paxlasını yeyərək tamamilə sıradan çıxarır. Nəticədə, bitkinin məhsuldarlığı 20-30%-ə qədər aşağı düşə bilir.