Mineral gübrələri səpmək üçün əsas şumdan qabaq şum altına gübrəsəpən maşınlardan istifadə etmək lazımdır. Onu da qeyd etmək lazımdır ki, yoncanın hər hektarına 30-40 kq/ha-dan artıq normada azot verilməsi köklərdə azot fiksasiya edən bakteriyaların fəaliyyətini pozur. Azərbaycan Elmi Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun apardığı təcrübələrə əsasən yoncaya yaz vaxtı yemləmə şəkilində N20P30K40 normasında gübrələr verilərkən yaşıl kütlə məhsuldarlığı 35-40 % artır. Mineral gübrələrin payız yemləməsi şəklində verilməsi (hər hektara 35-40 kq təsiredici maddə hesabı ilə) məsləhətdir. Çünki payızda yoncalıqları fosfor və kalium gübrələri ilə yemləndirdikdə onların qışa davamlılığı və məhsuldarlığı hər bir hektara 10-15 sentner artır. Yonca bitkisinə mineral gübrələrin verilməsi miqdarı aşağıdakı cədvəldə (cədvəl 2) verilir.
Hər biçindən sonra yüksək və keyfiyyətli ot məhsuldarlığını artırmaq üçün mineral gübrələrdən istifadə etmək lazımdır.
Qulluq işləri. Yonca əkininə düzgün və vaxtında qulluq edilməsinin yüksək yaşıl kütlə və quru ot məhsulu alınmasında böyük əhəmiyyəti var. Yazda yonca vegetasiyaya başlayan zaman Azərbaycanın bütün rayonlarında fevral ayının ortalarında hektara yemləmə şəklində təsiredici maddə hesabı ilə 30-45 kq superfosfat, kalium və azot gübrələri verib, sahəni 5-6 sm dərinliyində iki istiqamətdə mala ilə malalayıb və suvarmaq lazımdır. Bu tədbirin hər biçimdən sonra təkrarlanması yaxşı nəticə verir. Mart ayının ortalarında isə sahə fitonomusa qarşı dərmanlanmalıdır. Ot və toxum üçün becərilən ikiillik yoncalıqlarda da xəstəlik və zərərvericilərə qarşı daim mübarizə aparılmalıdır.
Suvarma. Yonca bitkisi suvarma şəraitində həyatının birinci ilindən yüksək ot və toxum məhsulu verir. Bunun üçün yonca əkinləri alaqlardan təmiz saxlanmalı, suvarma vaxtları və onların sayı düzgün müəyyən edilməlidir. Payızda arata səpin apardıqdan bir ay sonra yonca əkinləri birinci dəfə suvarılmalıdır. Bu müddət torpaq-iqlim şəraitindən asılı olaraq dəyişə bilər. Yaz suvarmasını isə çiçəkləmənin başlanğıcında aparmaq lazımdır. Əgər sahənin birinci məhsulu toxuma saxlanırsa, o zaman çiçəkləmənin sonunda da suvarma aparılmalıdır. Sahənin suvarılması birinci ili, yonca bitkisinin 6-7 yarpaq dövründə hektara 600-800 m3 su verilməlidir. Biçindən sonra quru otu təcili olaraq sahədən çıxarmaq lazımdır. Adətən, biçindən 5-6 gün əvvəl suvarma dayandırılmalıdır. Hər biçindən sonra quru ot tarladan çıxarılmalı və iki əks istiqamətdə malalama aparılmalıdır. Suvarılan bölgələrdə qrunt suyunun səviyyəsindən, torpağın qranulometrik tərkibi və sahənin relyefindən, torpaqda olan ehtiyat nəmlikdən və suvarma üsulundan asılı olaraq 15-25 gündən bir suvarma həyata keçirilir. Payız səpinindən sonra yonca şaxtalar düşənə qədər 2 dəfə suvarılmalıdır. Yonca sahəsində növbəti suvarma mart ayında aparılır. Bununla da yoncanın birinci biçinədək suvarılmasına ehtiyac qalmır. Yaz səpinindən sonra yonca sahəsinin 2 dəfə suvarılması birinci biçininin optimal vaxtda aparılmasını təmin edir. Yoncanın ən intensiv su sərfi birinci çalımdan sonra, hər çalım müddəti daxilində isə yoncanın intensiv böyüməsi dövründə, yəni qönçə bağlamadan çiçəkləmənin əvvəlinə qədər olan dövrdə müşahidə olunur. Buna müvafiq olaraq həmin dövrdə yonca əkinləri teztez suvarılmalıdır. Ümumiyyətlə, yonca sahələri hər biçindən sonra 2 dəfə suvarıldıqda 4-5 dəfə biçin aparılması mümkün olur.