İkiillik yonca torpağın 0-40 sm qatında hər hektarda 70-80 sentner kök qalığı əmələ gətirərək, torpağı çürüntü, 400 kq-dan çox bioloji azot və başqa qida maddələri ilə zənginləşdirir. Bu zaman otlaqda torpağın fiziki xassələri, strukturu və su rejimi yaxşılaşır. Yonca birinci ili 3-4 çalımda 400-600 sen/ha yaşıl kütlə və 150-180 sen/ha quru ot verir. İkinci il 4-6 çalımda 700- 1000 sen/ha yaşıl kütlə və 150-300 sen/ha yüksək keyfiyyətli quru ot verir.
Növbəli əkində yeri. Yonca üçün yaxşı sələflər – dənli taxıl bitkiləri, qara herik, tərəvəz, bostan və kartof bitkiləridir. Şəkər çuğunduru yonca üçün sələf bitkisi kimi məsləhət bilinmir, çünki torpağın dərin qatında olan nəmliyi güclü qurudur. Suvarılan torpaqlarda yoncanı hər hansı sələflə növbələndirmək olar. Bundan başqa, onu dənli taxıl bitkilərinin örtüyünə də səpmək olar.
Torpağın becərilməsi. Yonca inkişafının əvvəllərində zəif böyüyür. Ona görə də yonca bitkisini alaqlar tez basıb kölgələndirir. Bunu nəzərə alaraq, yonca səpini üçün alaq otları ilə nisbətən az sirayətlənmiş torpaq sahələrinin seçilməsi məsləhətdir. Yonca səpiləcək torpağın becərilmə sistemi sələflərdən asılı olaraq dəyişir. Yoncanın payız səpinləri üçün dənli taxıl bitkilərindən sonra sələf bitkisinin məhsulu yığılan kimi kövşənlik 6-8 sm dərinlikdə üzlənir. Alaq otu toxumlarının cücərməsini sürətləndirmək üçün üzləmədən sonra sahənin suvarılması və torpağın səthi quruduqda malalanması tövsiyə olunur. Təxminən 2-3 həftədən sonra, alaq otu toxumları cücərdikdə hər hektara 30-40 ton çürümüş peyin, təsiredici maddə hesabı ilə 60-90 kq fosfor, 30 kq azot, 60-90 kq kalium gübrələri verib kotanlarla 25-27 sm dərinlikdə əsas şum aparılır. Əsas şumun aparılma müddəti torpağın yetişməsindən ötrü böyük əhəmiyyətə malikdir. Aran rayonlarında yoncanın payız səpinindən ötrü əsas yay şumunun müddəti iyulun axırı – avqustun əvvəli hesab oluna bilər. Bu zaman şum ilə yoncanın səpilməsi arasında 30-40 günə qədər fasilə olur və bu müddət ərzində torpaq normal yetişir.
Torpağın səpinqabağı becərilməsi. Yonca bitkisi torpağın keyfiyyətli hazırlanmasına çox tələbkardır. Yoncanın payız səpini üçün sentyabrın əvvəlində səpinqabağı kultivasiya və sonradan malalama keçirilir. Kultivasiyaya 3-4 gün qalmış su ehtiyatı yaratmaq üçün suvarma (arat) yaxşı nəticə verir. Yaz səpini üçün erkən yazda səpin qabağı iki dəfə kultivasiya və onların ardınca diskli malalarla, sonra isə ziqzaq malası ilə malalama aparmaq məqsədəuyğundur.
Toxumun səpinə hazırlanması. Səpindən 15 gün əvvəl yonca toxumları laboratoriya analizindən keçirilməlidir. Analiz zamanı toxumun səpin keyfiyyətinə aid olan əsas göstəricilər: cücərmə enerjisi, cücərmə qabiliyyəti, toxumların həyatiliyi, toxumların nəmliyi və təmizliyi təyin edilməlidir. Səpindən qabaq toxumlar toxumtəmizləyən maşınlarda diqqətlə təmizlənir. Toxumun təmizliyi 96-98%, cücərmə qabiliyyəti 90- 95% və I-ci sinfə mənsub olmalıdır. Yonca toxumlarını qızıl sarmaşıq toxumlarından təmizləmək üçün elektromaqnit toxum təmizləyən maşınında dəmir tozundan ("Trifolin" ТU 6-14-870- 77) keçirmək lazımdır. Səpiləcək toxumları alaq otları qarışığından təmizləmək üçün toxumları duz məhluluna salmaq lazımdır. Belə tədbir zamanı alaq otu toxumlarının 90%-i təmizlənir. Bu məhlul 1 litr suya 360 qr xörək duzu hesabı ilə hazırlanır. Yonca toxumları hazırlanmış məhlulun içərisinə tökülür və qarışdırılır. Məhlulun üzərinə çıxmış alaq otu toxumları tənzif kəfgirlə yığılır.