Heyvanlarda süd və ət məhsuldarlığının artımında mühüm rol oynayır. Qazlı şişlik və ishala səbəb olmur. Bu bitki ilə qidalanan heyvanlar daha yaxşı bədən quruluşuna malik olur, tükləri parlaq olur. Ayaq və dırnağın sağalmasında yaxşılaşdırıcı təsirə malikdir. Dişi heyvanların döl verməsinə də müsbət təsir edir. Təsərrüfatlar bu bitkidən istifadə etməklə yemləmə xərclərini 50% aşağı salmağa imkan yaradır. Tətbiqi ilə məhsuldarlığı 15-20% artırmaq mümkündür.
Müasir təsərrüfatlarda südlük inəklərin enerji ehtiyaclarının 50%-i çəmən və otlaqlardan, 25%-i quru ot və silosdan, 25%-i də qatı konsentrat yemlərdən istifadə etməklə ödənilir.
7.2 Otlağın zəngin bitki örtüyü
Paxlalılar fəsiləsindən olan bəzi bitki növlərinin kök sistemi güclü inkişaf etdiyinə görə dağlıq zonada eroziya prosesinin qarşısını alır. Respublikamızın yüksək dağlıq zonalarındakı otlaqların bitki örtüyünü təşkil edən subalp və alp çəmənliklərinin, bozqırlarının tərkibində qırmızı çəmən yoncası, ağ çəmən yoncası, çəhrayı çəmən yoncası, aralıq çəmən yoncası, bulaq çəmən yoncası, çöl çəmən yoncası, əvəzotu, iyli paxla və s. paxlalı bitki növləri geniş yayılmışdır. Həmin bitki növlərinin bəzilərinin yemlik əhəmiyyəti orta dərəcədədir.
Yay otlaqlarında mal-qaranın vaxtından əvvəl və otlaq dövründə sistemsiz və hədsiz otarılması, eyni yol ilə aparılması yamaclarda çim və torpaq qatının pozulmasına, eroziya prosesinin güclənməsinə və sel axınları mənbələrinin yaranmasına səbəb olur.
Qış otlaqlarında nisbətən geniş yayılmış faydalı bitkilər birillik taxıl otlarıdır. Taxıllar fəsiləsinə mənsub olan bitkilər həmişə erkən yazda yaxşı inkişaf edib, yaşıl yem kütləsi əmələ gətirir. Dağətəyi zonalarda yerləşən qış otlaqlarında yazda əmələ gələn yaşıl ot örtüyünün tərkibində birillik taxıl otları nisbətən az olur. Onların əvəzində taxıllara aid olmayan bəzi birillik ot bitkiləri çoxluq təşkil edir və qiymətli yem hesab olunur. Birillik taxıl otlarından bərk quramit, cənub quramiti, İran quramiti, şərq bozağı, düzəkli bozaq, üçdüyməli buğdayıot, yapon tonqalotu, sürüpgəvari tonqalotu, irisünbüllü tonqalotu, tüklü vələmir, boş vələmir, iriçiçək vələmir və s. qış otlaqlarında daha geniş yayılmışdır. Birilliklərdən başqa gövdələrinin əsas hissəsi soğanaqlı olan çoxillik taxıl otlarının da qış otlaqlarının ot örtüyünün yaranmasında böyük əhəmiyyəti var. Məsələn, sıx qırtıc, sinay qırtıcı, soğanaqlı qırtıc və s. bu cür ot bitkilərindəndir.
Yovşanlı otlaqlar üçün xarakterik olan müxtəlif yovşan formaları da qış otlaqlarının ot örtüyünün əmələ gəlməsində böyük əhəmiyyət kəsb edir. Paxlalılar fəsiləsindən olan yonca və xaşanın bir neçə növ və növ müxtəliflikləri də bəzi otlaq sahələrində çox geniş yayılmış faydalı bitki hesab olunur.
Səhra bitki qrupu, əsasən, Kür-Araz ovalığının qış otlaqlarında inkişaf etmişdir. Bu otlaqların bitki örtüyü olduqca kasıb olub, botaniki tərkibi, əsasən, kolluq, yarımkolluq və vegetasiya dövrü qısa olan birillik ot bitkilərindən ibarətdir.
Şoran səhralarda qarışıq örtük əmələ gətirən şoran, xəzər şahsevdisi, sarıbaş kolları, çərən, öldürgən və s. kolluqlar və efemer bitkiləri inkişaf edir.