Çəmən çayırı dəmyə ərazidə xırdabuynuzlu və iribuynuzlu heyvanlarda ət və süd məhsuldarlığının artımını təmin edir.
Ləzzətli, asan həzm olunan, enerji və zülal tərkibi yüksək qaba yemdir. Otarılmadan və biçimdən sonra sürətli inkişafa malik olduğu üçün illik yaşıl ot və quru ot məhsuldarlığı yüksəkdir. Yazda yağışlardan əvvəl sahələrə azotlu gübrə verilməsi tövsiyə edilir.
Səpinin payız və erkən yaz aylarında aparılması məqsədəuyğundur.
Toxum yatağı düz, hamarlanmış və sıxlaşdırılmış olmalıdır.
Səpin norması: Hektara 5-6 kq norma ilə səpilir. Toxumun basdırılma dərinliyi 1,2-2 sm təşkil edir. Çəmən çayırının toxumunu həm dəmyə ərazidə, həm də suvarılan ərazilərdə, eləcə də kolluq və meşəlik ərazilərdəki təbii otlaq sahələrində payız yağışlarıyla birlikdə və ya erkən yazda səpmək olar. Toxum səpildikdən sonra mümkün qədər heyvan sürülərini sahədə gəzdirərək torpağın qarışması və sıxışdırılması təmin edilməlidir.
Gübrələmə: Əkindən əvvəl toxumla birgə hektara 15x15x15 NPK (azot, fosfor və kalium) nisbətli 25-30 kq gübrələmə həyata keçirilməlidir. Bitkinin çıxışından 15 gün sonra hektara 25-30 kq 34%-lik ammonium nitrat tətbiq edilməlidir. Biçim və otarılmadan sonra eyni şəkildə 25-30 kq 34%-lik ammonium nitrat tətbiq olunur. Heyvan peyini çox olan ərazilərdə gübrənin miqdarı aşağı salınır.
Səpinlə birlikdə hektara 30 kq 15x15x15 NPK gübrəsinin tətbiqi bitkinin kök quruluşunun güclənməsi baxımından çox faydalıdır. Mümkün qədər torpaq analizi aparılaraq gübrələrin lazımi miqdarda tətbiqi vacibdir.
Çəmən çayırının ot məhsuldarlığı heyvan otarılarkən, quru ot yığılarkən, silos hazırlanarkən qiymətləndirilir. Biçənək sahəsini 1-2 dəfə biçdikdən sonra heyvanlar tərəfindən otarılması təmin edilməlidir. Otarılma üçün bitkinin optimal boyu 25-30 sm olmalıdır. Sahə 2 və ya 3-ə bölünərək otarılmalıdır. Bir sahədə otarılmadan əvvəl otarılan hissənin gübrələnməsi və suvarılması həyata keçirilir. 8 sm-dən daha aşağı otarılmaya yol verilməməlidir. Otlaq sahəsi palçıq olduqda otarılma aparılmamalıdır. Həddindən artıq çox müddət ərzində eyni sahədə heyvanların otarılması çəmənliyin ömrünü qısaldır.
Suvarılan ərazilərdə erkən yazdan etibarən biçinə başlanır. Hər 20-25 gündən bir biçin aparmaq mümkündür. Qışa qədər bir neçə dəfə biçin aparıla bilər. Çəmən çayırı dəmyə ərazisində ən yüksək bəsləyici xüsusiyyətə 40 sm hündürlüyə çatanda malik olur. Buna görə biçinin bitkilərin boyu 40-50 sm olduqda aparılması daha əhəmiyyətlidir. Yoncadan daha çox yaşıl və quru ot məhsuldarlığına malikdir. Otun keyfiyyəti və qidalılıq dəyəri yoncaya nisbətən daha yüksəkdir. Heyvanların bəslənməsində və südlük heyvanlarda yüksək keyfiyyətli məhsulun əldə edilməsi üçün əhəmiyyətlidir.
Çəmən çayırı quru ərazilərdə erkən yazda sürətlə böyüməyə başlayır. Yaz yağışları davam etdiyi müddətcə biçmək və heyvanların otarmaq mümkündür. Quraq isti aylarda çəmən çayırı böyüməsini dayandırır.
Çəmən çayırı çox yüksək qidalılıq dəyərinə malik çayır – ot qarışığıdır. Heyvanlar bu qaba yemi sevərək yeyirlər.