Müasir əkinçilik təsəvvürlərinə görə, aqrar sahədə davamlı inkişafın təmin edilməsi üçün əkin sahəsinin 5-6 faizinin meşə zolaqlarından ibarət olunması tövsiyə olunur. Belə ki, meşə və meşə zolaqları küləyin zərərli təsirinin qarşısını almaqla, onun surətini 30-50 faiz azaldır, havanın nisbi rütubətini 4-8 faiz artırır. Meşəqoruyucu aqrofitosenozlarda qarın əriməsi tədricən baş verir ki, bu da torpağın üst qatında nəm ehtiyatını 40-100 mm artırır. Meşə zolaqları torpaq səthi ilə baş verən qeyri-məhsuldar buxarlanmanı 20-30 faiz, yaz su axınını isə 2-4 dəfə azaldır. Meşə bitkiləri salınmış ərazilərdə kənd təsərrüfatı bitkiləri üçün böyük əhəmiyyətə malik mikrobioloji proseslər aktivləşir, torpağın münbitliyinin artırılmasında başlıca rol oynayan humusun miqdarı 4-13 ton, azotun miqdarı 100-400 kq, fosforun miqdarı isə hər hektarda 30- 700 kq artır ki, bu da aqrar sahənin qarşısında qoyulmuş prioritet vəzifələrin, o cümlədən etibarlı ərzaq təminatı siyasətinin uğurla həyata keçirilməsi sahəsində mühüm əhəmiyyət kəsb edir. Meşə və meşə zolaqları sahələrinin genişləndirilməsi kənd təsərrüfatında məhsuldarlığın artırılması sahəsində müstəsna əhəmiyyətə malik torpaqların münbitliyinin artırılması, bərpası və mühafizəsi, habelə bütün dünya ölkələrini narahat edən qlobal iqlim dəyişmələrinin aqrar sahəyə təsirinin minimuma endirilməsi və bu sahədə davamlı inkişafın təmin edilməsi baxımından mühüm töhfə ola bilər.
Yerlərdə torpaq istifadəçilərinin özlərinin bildiyi kimi, primitiv iş üsullarından istifadə etmələri, meliorasiya-irriqasiya tədbirlərinin vaxtında və lazımi səviyyədə aparılmaması və sairə ciddi problemlər yaratmışdır.
Yaranmış vəziyyət kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin fermerlərlə daha yaxından və əlbir, qarşılıqlı faydalı müqavilələr əsasında işləmələrini tələb edir. Fermerlərimiz həm torpağın, həm də bitkilərin fiziologiyasını, morfologiyasını, mənşəyini, təbiətin əlverişsiz amillərinə qarşı davamlılığını və s. bu kimi problemlərin mahiyyətini başa düşməli və ətraf mühitin mühafizəsi sahəsində əməli tədbirlər görməli, necə deyərlər, həyəcan təbili çalmalıdırlar. Yadda saxlamaq lazımdır ki, torpaq da canlıdır, ona olan münasibət digər canlılara olan münasibət kimi olmalıdır. Torpaqların yaxşılaşdırılması ilə bu gün məşğul olmalıyıq, onu sabaha və ya o biri günə saxlamaq vəziyyəti daha da gərginləşdirər və kapital qoyuluşunu qat-qat artırar.
Daha ətraflı desək, bu gün hər bir torpaq istifadəçisi torpağın və bitkinin “dilində” danışmağı öyrənməli və onlarla necə davranmağı bacarmalıdır. Dəqiq söyləsək, “pis torpaq yoxdur, pis təsərrüfatçı var” deyimini həmişə yadda saxlamaq və torpaqların becərilməsinə bu prinsiplərə ciddi əməl edilməsi baxımından yanaşılmalıdır.
Torpaqlarımızın sağlamlaşdırılması, mühafizəsi, ondan səmərəli istifadə olunması məqsədilə münbitliyinin bərpası və artırılması, habelə ekoloji cəhətdən təmiz və keyfiyyətli, bol məhsul istehsal edilməsi hamımızın müqəddəs və təxirəsalınmaz işidir.