Bununla yanaşı, torpağa antropogen təsirin artması, yəni insanların düzgün olmayan təsərrüfat fəaliyyəti, torpaq ehtiyatlarının idarə edilməsindəki bəzi çatışmazlıqlar və iqlim dəyişmələrinin təsiri nəticəsində torpaqlarda deqradasiya prosesləri kəskin şəkildə artmışdır.
Mütəxəssislərin qənaətinə görə torpaqların tənəzzülə uğraması, əsasən, mal-qaranın örüş-otlaq sahələrində normadan artıq otarılması (artıq yüklənmə), meşələrin qırılması, floranın məhv edilməsi və torpaqların səmərəsiz istifadəsi və sənaye istehsalının təsiri nəticəsində baş verir. Bununla yanaşı, torpaqların və suvarma suyunun kimyəvi çirklənməsi, kənd təsərrüfatı bitkilərinin pestisidlər və aqrokimyəvi maddələrlə düzgün işlənilməməsi nəticəsində baş verən kimyəvi çirklənmə həlli vacib olan məsələlərdir. Ən vacibi isə torpaqların ağır metallarla çirklənməsinin qarşısının alınmasıdır.
Deqradasiyanın aşağıdakı növləri vardır:
Deqradasiyanın əsas forması meşəsizləşmə, səhralaşma, duzlaşma və torpaqların eroziyaya uğramasıdır. Kənd təsərrüfatının stabil inkişafının təmin edilməməsi, səmərəsiz suvarma və digər aqrotexniki tədbirlərin düzgün təşkil olunmaması torpaqların yamaclarda və digər meylli ərazilərdə becərilməsi, kortəbii meşə materiallarının istehsalı və otlaqların normadan artıq yüklənməsi nəticəsində müxtəlif deqradasiya proseslərinin inkişafına zəmin yaranır. Səthi su axınlarının baş verməsi, eləcə də küləyin təsiri torpaqların mexaniki surətdə dağılmasına, eroziya prosesinin inkişafına şərait yaradır.
Əsas istehsal vasitəsi olan torpaq sahələri müxtəlif dərəcədə deqradasiyaya məruz qalıb. Rəsmi istinad mənbələrinə görə, ölkə ərazisi üzrə 43,3 faiz torpaq sahəsi bu və ya digər dərəcədə eroziyaya uğramış (o, cümlədən 15,5% şiddətli), 1332,5 min ha müxtəlif dərəcədə şorlaşmış (o, cümlədən 220537 ha çox şiddətli), 1339,0 min hektarı (o, cümlədən 8450 ha şiddətli) isə bu və ya digər səviyyədə şorakətləşmişdir. Həmin deqradasiya proseslərinin arealının günbəgün genişləndiyini və onun təsirinə məruz qalmış torpaq sahələrinin becərilməsi üçün ən keyfiyyətli toxum və əkin materiallarından, suvarma suyundan, gübrələrdən, pestisidlərdən və kənd təsərrüfatı texnikalarından istifadənin lazımi səmərə vermədiyini nəzərə alaraq, birinci növbədə, bu torpaq sahələrinin münbitliyinin bərpası və meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir.
Səhralaşmanın əsas səbəblərini otlaq sahələrində mal-qaranın və davarların normadan artıq saxlanılması və otarma qaydalarına düzgün əməl edilməməsi şumun və suvarmanın düzgün aparılmaması, bitki örtüyünün məhv edilməsi, ağır və iriqabaritli texnikanın dağıdıcı təsiri, torpağın, havanın, suyun, sənayenin təsiri nəticəsində çirklənməsi ilə izah etmək olar.