- Yay və qış otlaqlarında ərazinin relyef, iqlim, bitki örtüyünün vəziyyətini, ilin əlverişli
(yağıntılı) və ya əlverişsiz (quraq) olmasını nəzərə almaqla otarma normalarına
ciddi əməl edilməli, eroziya prosesinin güclü getdiyi və yarğanəmələgəlmə
təhlükəsinin mövcud olduğu sahələrdə otarma məhdudlaşdırılmalı və ya qadağan
edilməlidir;
- Yay və qış otlaq sahələrində ot örtüyünün keyfiyyətini yüksəltmək və botaniki
tərkibini qiymətli yem bitkiləri hesabına 1 hektarın məhsuldarlığını 5-6 sentnerə
çatdırmaq məqsədilə eroziyaya məruz qalmış (663 min ha) və meliorasiya
tədbirlərinin həyata keçiriləcəyi şorlaşmış, bataqlaşmış və su altında qalan
(201 min ha) ərazinin 744 min hektarında səthi və 234 min hektarında isə əsaslı
yaxşılaşdırma tədbirləri aparılmalıdır;
- Otlaq və biçənəklərin bioloji məhsuldarlığını yüksəltmək məqsədilə ot örtüyünün
botaniki tərkibi, torpağın fiziki-kimyəvi xüsusiyyətləri nəzərə alınmaqla gübrələmə
işlərinin aparılması vacibdir. Üzvi gübrələrin 5 ildən bir (hər hektara orta hesabla
20 ton qurumuş peyin), mineral gübrələrin isə 2-3 ildən bir (hər hektara fiziki
çəkidə orta hesabla 1-2 sentner ammonium şorası, 2-2,5 sentner superfosfat, 1-1,5
sentner kalium-xlorid) verilməsi məsləhətdir;
- Otlaqlarda səthi və kökündən yaxşılaşdırma tədbirləri görülməli, səthi
yaxşılaşdırma zamanı otlaqların hər hektarına 40-60 kq xaşa toxumu, 8-10 kq
yonca toxumu, 18-30 kq isə taxıl fəsiləsinə mənsub olan ot növləri toxumlarının
səpilməsi həyata keçirilməlidir;
- Respublikanın regionlarında əkmə (mədəni) otlaqların yaradılması və mövcud
olanların intensivləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlər
görülməli, bu zaman müasir texnologiyalara üstünlük verilməlidir;
- Son illər otlaq və biçənək sahələrində baş vermiş dəyişiklikləri nəzərə alaraq yem
sahələrinin torpaq örtüyü, geobotaniki tərkibi, yem vahidi və otarma (optimal)
norması göstərilməklə onların irimiqyaslı xəritələşdirilməsi həyata keçirilməli, ilk
növbədə, otlağın məhsuldarlığı, keyfiyyəti və baş hesabı ilə yükü nəzərə alınmaqla
yem vahidi xəritələri tərtib edilməlidir.