Bir qayda olaraq yarımsəhra tipli otlaqların əsas yem fondu efemerlər sayılır. Onlar yaxşı inkişaf edib otlaqlarda sıx bitki örtüyü əmələ gətirir, torpağın səthinin 80-90%-ə qədəri bitki ilə örtülür. Bu cür sahələrdən təkcə otlaq, örüş kimi deyil, həmçinin təbii biçənək kimi də istifadə edilir. Yovşanlı, göyüllü-yovşanlı, qaratikanlı-yovşanlı yarımsəhralar qış otlaqlarında daha geniş yer tutur. Bunların arasında yovşanlı yarımsəhralar daha geniş yayılmışdır. Respublikamızın qış otlaqlarında quru bozqır sahələrin bitki örtüyü də mühüm əhəmiyyət kəsb edir. Belə otlaqlar yarımsəhra ot örtüyündən çoxillik taxıl otlarının nisbətən yaxşı inkişaf etməsi ilə fərqlənir. Məsələn, ağot, ayrıq, şiyav, topalotu və s. bitkilərin əmələ gətirdikləri çimliklər bəzən o qədər sıx və çox olur ki, sahələr başdan-başa ağımtıl, quru bozqır şəklini alır. Belə bozqır sahələr qış otlaqlarının yem balansında mühüm rol oynayır.
Naxçıvan, Qobustan və Bozqır yaylasında, Dağlıq Qarabağın dağətəyi hissəsində və digər yerlərdə yerləşən quru bozqır otlaq sahələrində inkişaf etmiş bitkilərin ən mühüm nümayəndələri daşdayan, dovşantopalı, tonqalotu, daraqotu, nazikbaldır, tüklüayrıq, qırtıc, buğdayıot, quramit və s. ot növləridir. Onlar yüksək yemlik əhəmiyyətinə malik olub, bozqır otlaq sahələrindəki ot örtüyünün əsasını təşkil edirlər. Yazda və yayın əvvəllərində sürətlə böyüyüb inkişaf edən bu bitkilər otlaqların yemlik keyfiyyətinə və ümumi məhsuldarlığına müsbət təsir göstərir.
Quru bozqır bitki örtüyünə malik olan otlaqlar yovşanlı-ağot, yovşanlı-ayrıq, yovşanlışiyav, yovşanlıtopalotu tiplərinə ayrılır.
Azərbaycanın qış otlaqlarındakı səhra, yarımsəhra və bozqır bitki qruplarından başqa, bəzi yerlərdə ayrı-ayrı talalar şəklində bataqlıq, çala və çəmən bitki qruplarına da rast gəlinir.
Araşdırmalar göstərir ki, respublikamızın qış otlaqlarında (Qobustan, Ceyrançöl, Bozdağ, Acınohur) və biçənək sahələrində eroziya prosesləri ilə yanaşı, şorlaşma, bataqlaşma, subasmalar kimi hallar onların deqradasiyasını sürətləndirmişdir. Təqribən 201 min hektar və ya 15% yem sahəsi şorlaşma, bataqlaşma və subasmaya məruz qalmış, minlərlə hektar sahə qanunsuz olaraq şumlanmış və yaşayış yerlərinə çevrilmişdir. Bütövlükdə yem sahələrinin 978 min hektarının əsaslı yaxşılaşdırma, meliorasiya və digər tədbirlərə ehtiyacı vardır.
Bununla yanaşı, yem sahələrinin, yay və qış otlaqlarının, biçənəklərin aşağıdakı ekoloji problemlərinə daha geniş aspektdə baxılması tələb olunur: