Təbii yem sahələri 3396,4 min hektar olub, respublika ərazisinin 39,3%-ni təşkil edir. Bundan 113,4 min hektarı biçənəklər, 1460 min hektarı qış otlaqları, 589,5 hektarı yay otlaqları, 1233,4 min hektarı isə kəndətrafı örüşlərdən ibarətdir. Bu bölgü təbii-iqtisadi rayonlar üzrə 1 saylı cədvəldə verilmişdir. Azərbaycan ərazisində yay və qış otlaqlarının ümumi sahəsi 2049,5 min hektar olub, bu, təbii yem sahəsi bitki formasiyalarının təbii strukturuna ziyan yetirmədən və özünün bərpa olunma imkanını saxlamaqla optimal ölçülərdə 2 milyon baş heyvanı yem ilə təmin etmək imkanındadır. Otlaqlarımızın bir qisminin erməni işğalçılarının müvəqqəti nəzarəti altında olması və respublikamızda 3 milyona yaxın iri və 9 milyona yaxın xırda buynuzlu heyvanın mövcudluğu yay və qış otlaqlarının həddən artıq yüklənməsinə səbəb olmuşdur. Təbii yem sahələrində hədsiz otarma ilə əlaqədar yükün artması, ekoloji baxımdan kənar müdaxilələrə daha həssas olan Azərbaycanın alp və subalp çəmən və çəmən-bozqırlarında daha ağır vəziyyət yaratmışdır. Torpağın eroziyası və bitki örtüyünün deqradasiyası bəzi regionlarda son onillikdə daha da sürətlənmiş və otlaqlardan istifadənin ekoloji problemləri yaranmışdır.
4.2.1 Yay otlaqları
Alp və subalp çəmənlərindən ibarət olan yay otlaqları respublikada heyvandarlığın inkişaf etməsində yem bazası olmaqla yanaşı, həm də böyük sutənzimedici və torpaqqoruyucu funksiya daşıyır. Azərbaycanın yay otlaqları, əsasən, dəniz səviyyəsindən 1600-3000 m (3200) yüksəklikdə olan dağlıq ərazilərdə yerləşmişdir. Yaylaqlar öz coğrafi mövqeyinə görə meşənin yuxarı sərhədi ilə birləşir. Lakin meşənin yuxarı sərhədinin aşağı salınması ilə əlaqədar meşənin yerində geniş ərazilərdə yaranan törəmə subalp çəmən və bozqırları da bura daxildir. Subalp çəmənliklərindən yalnız otlaq kimi deyil, həmçinin süni biçənək kimi də istifadə olunur. Subalp çəmənliklərində bitki örtüyünün botaniki tərkibinin əsasını taxıl fəsiləsinə aid olan çoxillik bitkilər və qarışıq tərkibli müxtəlif çəmən otları təşkil edir. Subalp çəmənliklərinin bitki örtüyü alp çəmənliklərinə nisbətən daha zəngin olub, bitki qruplaşmalarının tərkibində 100-ə yaxın bitki növü iştirak edir. Burada ala tonqalotu, qoyun topalı, yerəyatıq topal, bənövşəyi tonqalotu, acar tonqalotu, çəmən tonqalotu, yumşaq süpürgə, qırtıc, müxtəlif növ paxlalı bitkilər və başqa ot növlərinin qarışığı yayılmışdır. Dağlıq zonalarda yayılmış paxlalı bitkilərin əksəriyyəti çoxilliklərdir. Birillik və ikiillik növlərə az rast gəlinir. Yay otlaqlarının (cədvəl 1) əsasını təşkil edən subalp və alp çəmənliklərinin bitki örtüyünün tərkibində təxminən 50-yə qədər paxlalı bitki növü vardır. Onların 95%-ni çoxillik, az hissəsini isə birillik bitkilər təşkil edir.
4.2.2 Qış otlaqları
Respublikamızın qış otlaqlarında səhra tipli bitki örtüyünə nisbətən yarımsəhra tipli bitki örtüyü daha geniş yer tutur. Onlar inkişaf tərzinə, həyat şəraitinə, botaniki quruluşuna, kimyəvi tərkibinə, bioloji və təsərrüfat xüsusiyyətlərinə görə səhra tipli bitki qruplarından fərqləndikləri üçün yemlik keyfiyyəti də müxtəlif olur.