Bu yaylaqların ümumi tutumu 3 milyon xırdabuynuzlu heyvandır. Hazırda ölkədə 9 milyona yaxın xırdabuynuzlu heyvan var. Ona görə də yaylaq və qışlaqlar buna dözmür və sıradan çıxır. Bu da səhralaşmaya gətirib çıxarır. Heyvanların sayının çoxluğu ilə yanaşı, otlaqlarda qaramal otarılır, qanunsuz olaraq əkin aparılır ki, bu da otlaqların vəziyyətinə pis təsir edir. Torpaqlarda dəqiq invertarlaşma aparılması və torpaqların məhsuldarlığının təyini önəmlidir, həmçinin sıradan çıxmış torpaqları dincə qoymaq və bərpa etmək kimi tədbirlər həyata keçirilməlidir. Heyvandarlıqda yeni texnologiyalar inkişaf etdirilməlidir. Bunu da unutmamalıyıq ki, heyvandarlığı inkişaf etdirmək üçün ilk növbədə lazımi səviyyədə yem bazası gərəkdir.
Respublikamızın iqlim şəraiti kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmağa imkan verir: ölkədə həm bitkiçilik, həm də maldarlıq sahəsi inkişaf etdirilməkdədir. Bu sahələrin inkişaf etdirilməsi həmin sahələrin qarşılıqlı tarazlığından, əlaqəsindən asılıdır. Landşaftlar insanların həyatında mühüm əhəmiyyət kəsb edən böyük funksiya yerinə yetirir. Belə ki, landşaftlar həm yaradıcı, həm də formalaşdırıcıdır. Onların ciddi mühafizəsinə böyük ehtiyac var. Landşaftların mühafizəsinin əsasını meliorativ tədbirlərin aparılması, xüsusi qorunan ərazilərin seçilməsi təşkil edir. Hazırda ölkəmizin dağ-çəmən landşaftlarında mal-qara, qoyunlar otarılır. Bu zaman otarma üsulunun böyük əhəmiyyəti var. İki əsas üsul var ki, bunlardan biri olan sistemsiz otarma köçəri heyvandarlığa xasdır. Digəri sistemlidir ki, belə halda heyvanların seçib yemək imkanı azalır və bu zaman otlaqlar yaxşılaşır, məhsuldarlıq artır.
Hazırda ölkədəki qoyunların sayının yaxın zamanlarda 10 milyona çatdırılması nəzərdə tutulur, əgər otlaqlardan istifadədə mövcud durumu nəzərə alsaq, bu, ərazilərdə səhralaşmaya təsir edən amillərdən biridir. Bu gün ölkəmizdə dünya miqyasında tanınmış otarma sistemləri tətbiq olunmur. Biz dağ-çəmən landşaftlarının 1 hektarından 1,5 ton ot götürürüksə, onu sistemli şəkildə otarsaq, buradan 3-4 ton məhsul götürmək olar. Amma otlaqlara gübrə verməklə, müəyyən aqrotexniki qaydalara riayət etməklə bir hektardan 10-15 ton yem alına bilər. Otlaqların növbə ilə otarılması nəticəsində məhsuldarlıq 25-40 faiz arta bilər. Otarma ilə əlaqədar bu gün bir sıra sahələr artıq sıradan çıxıb. Dağ-çəmən landşaftlarının yaxşılaşdırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi vacibdir. Belə ki, otlaq və biçənəklərdən səmərəli istifadə etmək lazımdır. Otlaqları şərti və kökündən yaxşılaşdırmaq vacibdir. Bunun üçün həmin ərazilərdə dövlət səviyyəsində tədbirlərin reallaşdırılması önəmlidir.
Bu gün dünyada torpaqların sıradan çıxmasının 75 faizi otarmanın düzgün aparılmaması ilə bağlıdır. Dünyada bu proseslərin qarşısını almaq üçün beynəlxalq təşkilatlar tərəfindən tədbirlər görülür. BMT-nin 1977-ci ildə səhralaşmaya qarşı mübarizə planı qəbul edilib. Bir sıra inkişaf etmiş ölkələrdə səhralaşmaya qarşı milli fəaliyyət planı da hazırlanıb. Ölkəmizdə də bu istiqamətdə Dövlət Proqramı ilə yanaşı, bir sıra tədbirlər görülsə də, antropogen təsirlər altında torpaqların çox hissəsi istifadədən çıxır.