4. Otlaq sahələrinin istifadəsində çatışmazlıqlar və səbəbləri
Otlaqlar, biçənəklər, meşələr heyvan sürüləri ilə normadan artıq yüklənir. Qeyd edək ki, maldarlıqla məşğul olan çoxsaylı fermer və digər təsərrüfatların inkişafı, əsasən, dövlət torpaq fonduna aid olan otlaqların, kəndətrafı örüşlərin, meşə torpaqlarının və qoruqların nəzarətsiz, normadan artıq istismarı ilə müşayiət olunur. Mütəxəssislərin fikrincə, ölkədə heyvandarlığı daha mütərəqqi üsullarla inkişaf etdirmək yolu ilə məhsuldarlığı yüksəltmək, yay-qış otlaqlarının və biçənəklərin mühafizəsini gücləndirmək, onlardan istifadənin səmərəsini artırmaq və biomüxtəlifliyin qorunub saxlanılmasını təmin etmək olar. 2004-cü ildən “Azərbaycanda yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı” təsdiq edilib. Burada da qeyd edilir ki, ölkədə heyvandarlığın inkişaf etdirilməsini təmin etmək üçün lazım olan yemin strukturunun normativlərə uyğun olmaması, onun tərkibində təbii yemin üstünlük təşkil etməsi otlaqların və biçənəklərin, habelə meşələrin heyvan sürüləri ilə normadan artıq yüklənməsinə səbəb olur. Bu isə öz növbəsində dağətəyi yamacların, suqoruyucu meşə sahələrinin deqradasiyasına, dağıdıcı sellərin güclənməsinə, yeraltı və yerüstü su ehtiyatlarının tədricən tükənməsinə gətirib çıxarır. Məlum olduğu kimi, Azərbaycanda otlaqlar və biçənəklər dövlət mülkiyyətində olan torpaq sahələridir. Lakin bu sahələrin istifadəçiləri tərəfindən torpaqların münbitliyinin bərpası ilə bağlı vaxtlı-vaxtında zəruri tədbirlərin həyata keçirilməməsi və onların istismarında aqrotexniki qaydalara riayət edilməməsi, eləcə də torpaqların mühafizəsi sahəsində mövcud standartların və normativlərin tələblərinə tam əməl olunmaması səbəbindən bir çox yerlərdə torpaq örtüyünün eroziyaya uğraması, şoranlaşması, texnogen pozuntulara məruz qalması və s. hallar baş verir. Dövlət Proqramında otlaqların və biçənəklərin səmərəli istifadəsi və səhralaşmanın qarşısının alınması üzrə istiqamətlərdə bir sıra tədbirlərin həyata keçirilməsi öz əksini tapıb.
Azərbaycan ərazisinin 12 faizi meşə fondu, 56 faizi dövlət torpaq ehtiyatı fondudur. Bu torpaqlar, əsasən, icarə ilə fermerlərə, başqa sözlə, çobanların istifadəsinə verilib. Ölkədə 9 milyona yaxın qoyun və keçi, 3 milyona yaxın iribuynuzlu heyvan var. Ümumilikdə, 25 milyon mal-qoyun yazda dağlıq ərazidən, payızda arandakı təbii otlaq sahələrindən yararlanır. Amma SSRİ dövründə norma vardı ki, bir hektar ərazidə 1-2, dağlarda isə 1-4 qoyun saxlamaq olardı. Bu normaya görə, işğalda olan torpaqları nəzərə almasaq, Azərbaycanda hazırda qışlaqda 1,9 milyon, yaylaqda isə 2,8 milyon baş qoyun saxlamaq olar. Aparılan araşdırmalara görə, otlaqlarda ən çox yüklənən ərazi Göygöl rayonudur ki, 1 hektara 40-dan çox heyvan düşür, bu rəqəm Goranboyda 16, Bərdədə 12-dir. Yarımköçəri mal-qara təsərrüfatı fermeri də itkiyə məruz qoyur. Belə təsərrüfat başqa sahələrin də inkişafına mane olur. Bitki aləmində elə ot növləri var ki, kökləri kəsilib, ağaclar məhv olub.
Başqa tərəfdən, otlaqlar məhv olduğundan yağan yağışlar ot köklərində toplanmır, birbaşa çaylara axır. Torpaqların yuyulması nəticəsində yarğanlar əmələ gəlir, sürüşmələrə zəmin yaranır.
Ölkədə təxminən 530 min hektar yaylaq əraziləri mövcuddur ki, onun 200 min hektarı zəbt olunmuş torpaqlardadır.