Yuxarıda qeyd edildiyi kimi, iqtisadi cəhətdən iri təsərrüfatlarda rasiona uyğun şəkildə silosun yemlə qarışdırılması daha məqsədəuyğundur. Bununla heyvanın həyat fəaliyyəti və məhsuldarlığını təmin etmək üçün kifayət qədər yem qəbul etməsinə nail olmaq mümkündür. Heyvanlar qəbul edilən yemin miqdarı yemin keyfiyyətindən asılıdır. Xüsusilə heyvanın örüşdə otarılmasının mühüm əhəmiyyəti ondan ibarətdir ki, bu zaman heyvan sərbəstlik əldə edir, zəngin bitki örtüyündə azad şəkildə yem və təmiz hava qəbul edir. Gəzməklə, torpaqla təmasla dırnaq problemləri də aradan qalxır. Həmçinin otlaq sahələrinin bitki müxtəlifliyi çox olduğundan enerji tərkibi də zəngindir. Heyvan sərbəst olaraq yemi lazımi səviyyədə alır ki, bu da məhsuldarlığın artmasında mühüm əhəmiyyət kəsb edir. Heyvanlar otlaqlardan yüksək həzmolunan yaşıl ot məhsulunu əldə edirlər ki, bu da təsərrüfatlarda əlavə qüvvəli yemə olan tələbatı azaldır. Bunun qüvvəli yem verməklə xərclərin yüksəlməsi baxımından böyük rolu vardır. Otlaqda otarmanın karbohidrat tərkibi cəhətdən əhəmiyyəti böyükdür. Yaşıl otlar yüksək şəkər tərkibinə malikdir. Otlaqların mineral təsiredici maddə tərkibi də əvəzedilməzdir. Qaba yemin qəbulu ilə mineral maddələrə olan tələbatın ödənilməsində yaylaqlar əhəmiyyətli rol oynayır. Bundan başqa, otlaq sahəsində qəbul edilən yem vasitəsinin gigiyenik təmizliyi və stabilliyi də faydalıdır. Yalnız xarab olmamış və gigiyenik təmiz yaşıl ot məhsulları heyvanlar tərəfindən arzu olunan yüksək yem qəbuluna və nəticə etibarilə keyfiyyətli ət və süd məhsulunun əldə edilməsinə zəmin yaradır. Bunları nəzərə alaraq, örüş sahələrinin də qiymətləndirilməsi aparılır. Heyvanların məhsuldarlıq fazasından asılı olaraq, enerji həcmi və qida maddələrinin tərkibinə olan tələbat fərqlidir. Ona görə də heyvanın vəziyyətini nəzərə alaraq, onun otlaq sahəsində otarılması və yaxud örüşün heyvanın növünə uyğun seçilməsi böyük əhəmiyyət kəsb edir. Misal üçün, qurutmada olan inək üçün az enerji tələb olunur, onun otlaqda otarılması kifayət edər və əlavə qüvvəli yemin verilməsi o qədər də lazımlı sayılmır. Əlbəttə, heyvanın bədən quruluşu da nəzərə alınır. Daha da önəmlisi örüşdə kalium tərkibinin azlığı süd qızdırması probleminin yaranmasına səbəb ola bilər. Yaşıl ot məhsullarının südlük maldarlıqda protein keyfiyyəti gələcəkdə daha böyük əhəmiyyət kəsb edəcək. Yaşıl otun başqa yemlə qarışdırılaraq verildikdə südün tərkibində proteinin miqdarının artmasında əhəmiyyətli olduğu məlumdur. İsitmə ilə proteinin həzm sistemində parçalanmasını azaltmaq olar. Nəticədə, parçalanmayan xam proteinin miqdarı artır. Silosda qıcqırma ilə proteinin parçalanmasını tez turşuma əmələ gətirməklə mümkün qədər azaltmaq mümkündür. Quru otun ehtiyat şəkildə yığılması üçün günəş altında tez bir zamanda qurudulması əhəmiyyətlidir. Yaşıl ot məhsullarının keyfiyyəti ilə yanaşı, təmiz məhsulun əldə edilməsi də bir hədəf olmalıdır. Heyvanların otlaq sahəsində otarılması ilə dözümlülüyü artır və bununla da təsərrüfatda heyvan itkilərinin qarşısı maksimum səviyyədə alınır. Bütün bu nəticələrin əldə edilməsi üçün otlaq və biçənək sahələrinin idarə olunması, qulluq edilməsi, gübrələnməsi və otarma sisteminin düzgün təşkili olduqca vacibdir. İri təsərrüfatlarda otlaq və biçənək sahələrinin bitki və torpaq örtüyü planlı şəkildə idarə olunmalıdır. Burada yaşıl ot ilə yonca qarışığının olmasına xüsusi diqqət yetirilir.