3. Çəmənlik və otlaqların südlük
maldarlıqda istifadəsi
Azərbaycanda və xüsusilə dağlıq və dağətəyi rayonlarda maldarlıq üçün otlaq sahələri mövcuddur. Daha çox kənd yerlərinin əhalisi bu sahələrdən heyvanları otarmaq üçün istifadə edir, həmçinin köç sürülərinin otarılmasında da bu yaylaqların rolu böyükdür. Südlük inəklərin otlaqlarda otarılması xüsusilə yaz aylarına təsadüf edir. Həmin aylarda heyvanın yemə olan tələbatının, demək olar ki, 80%-ni otlaq sahələri ödəyir. Bununla da təsərrüfat sahibi yem xərclərinə qənaət edir. Heyvanlar çöldə yaşıl ot yeməklə süd məhsulunu artırır. Təbii ki, otlaqların zənginliyi ayrı-ayrı regionlarda fərqlidir. Bu da heyvanın məhsuldarlığına müxtəlif səviyyədə təsir göstərir. Örüş sahələrindən istifadə zamanı heyvanın növünə, örüşün bitki örtüyünə, bitkilərin yetişmə səviyyəsinə və iqlimə diqqət yetirmək lazımdır. Otlaq və biçənəklərdən heyvanların çöldə otarılmasında, yaxud da tövlədə təzə otu biçərək heyvanların yemlənməsində istifadə edilir. Həmçinin qış üçün qaba yem ehtiyatının qurudularaq toplanmasında da istifadə olunur. Əksər iri südlük maldarlıq təsərrüfatlarında yaşıl ot silosu böyük rol oynayır. Ona görə də heyvandarlıq təsərrüfatlarının rentabelliyini təmin etmək üçün otlaq və biçənək sahələrinin qorunması, düzgün istifadəsi vacibdir və gələcək inkişaf planları hazırlanmalıdır. Yem xərclərinə qənaət baxımından çəmənliyin yaz aylarında örüş kimi istifadəsi daha əlverişlidir. Heyvanların baş sayının artması, düzgün otarma sisteminin tətbiq edilməməsi, il boyu yemləmədə yaşıl otun biçilərək heyvanlara verilməsi ilə ümumi olaraq otlaq sahələrinin məhsuldarlığı ildən-ilə daha da azalır. Otlaqlardan daha səmərəli istifadə edilməsi üçün dövlət proqramları hazırlanır. Lakin indiyə qədər ölkədə örüş sahələrinin yaxşılaşmasına tam nail olmaq mümkün olmamışdır.
Xüsusilə heyvanların tövlədə saxlanması zamanı yaşıl otun yem rasionunda həcmi nəzərə çarpacaq şəkildə azalır ki, bu da ilk olaraq texniki xərclərin yaranmasına və yemin keyfiyyətində nəzərəçarpacaq dəyişikliklərin yaranmasına səbəb olur.