2. Xırdabuynuzlu heyvanların yaylaqda otarılması
Yaylaq ekoloji baxımdan çox böyük əhəmiyyət kəsb edir. Düzənlik və otlaqlarla zəngin, suyu bol olan yaylaqlar heyvandarlıqda təsərrüfatın ehtiyaclarını təmin edərək, ilin müəyyən aylarında təsərrüfatlardakı heyvanların yaş ota olan ehtiyacını ödəmək və eyni zamanda heyvandarlıq məhsulları (süd, pendir, yağ və s.) əldə etmək məqsədilə istifadə edilir.
2.1. Yaylaqların heyvandarlıq baxımından əhəmiyyəti
Ümumi olaraq yaylaqlar dəniz səviyyəsindən 1500- 2000 metr yüksəklikdə meşə sərhədinin üzərindən başlayıb, bölgələrdən asılı olaraq, 3000-3500 metrə qədər yüksəkdə yerləşə bilər.
Xüsusilə xırdabuynuzlu heyvanların yetişdirilməsi ilə məşğul olan təsərrüfatların sahibləri ilin müəyyən dövrlərində yaylaqlara çıxaraq təsərrüfat fəaliyyətlərini orada davam etdirirlər.
Yaylağa çıxmaq adətən aprel ayının ortaları, may ayının sonları arasında dəyişməkdədir. Yola düşməzdən əvvəl köç hazırlıqları aparılır. Yaylaqda istifadə edilən əşya və vasitələr hazırlanaraq köç yükü yaradılır. Heyvanların digər sürülərlə qarışmaması üçün onlar xüsusi işarələrlə işarələnir.
Yaylaq heyvandarlıqda, xüsusilə onların qidaya olan tələbatlarının ödənilməsində iqtisadi baxımdan olduqca səmərəlidir. Yaylaqda heyvanların otarılması heyvanların yemə olan tələbatının tam, yaxud qismən ödənilməsi deməkdir. Eyni zamanda təsərrüfatın istehsal xərcinin azalmasına, nəticə etibarilə isə ət qiymətlərinin aşağı olmasına və ölkədə heyvandarlığın inkişafına müsbət təsir edir. Yaylaqda bəslənən heyvanlar təbii bəsləndiyi üçün və yaylaqda heyvanların otladıqları bitki florası zəngin olduğu üçün ətləri daha keyfiyyətli və ləzzətli olması ilə seçilir.