GİRİŞ
Hörmətli oxucu, heyvandarlıq müəssisələrində heyvanların bəslənməsi ən əhəmiyyətli mövzudur. Heyvanların bəslənməsi təsərrüfatlarda ən xərc tutumlu sahə hesab olunur. Çünki təsərrüfatlarda ən böyük xərc tələb edən hissə yem tədarüküdür.
Azərbaycan Respublikası torpaq ehtiyatları məhdud olan ölkələr sırasına aiddir. Ölkədə adambaşına 0,22 hektar əkin yeri və 0,58 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi mövcuddur. Otlaqların və biçənəklərin adambaşına düşən sahəsi isə daha azdır. Bu baxımdan aqrar sektorun, xüsusilə heyvandarlığın inkişafında, əhalinin ayrı-ayrı kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində torpaqların münbitliyinin artırılması, heyvandarlığın yem bazasının möhkəmləndirilməsi, təbii yem sahələrinin mühafizəsi, otlaqların yaxşılaşdırılması və onların geobotanik zənginliyinin qorunub saxlanılması mühüm əhəmiyyət kəsb edir.
Ölkədə heyvandarlığın inkişaf etdirilməsini təmin etmək üçün lazım olan yemin strukturunun normativlərə uyğun olmaması, onun tərkibində təbii yemin üstünlük təşkil etməsi otlaqların və biçənəklərin, habelə meşələrin heyvan sürüləri ilə normadan artıq yüklənməsinə səbəb olur. Bu isə öz növbəsində dağətəyi yamacların, çay vadilərinin, suqoruyucu meşə sahələrinin deqradasiyasına, dağıdıcı sellərin güclənməsinə, yeraltı və yerüstü su ehtiyatlarının tədricən tükənməsinə gətirib çıxarır.
Məlum olduğu kimi, otlaqlar və biçənəklər dövlət mülkiyyətində olan torpaq sahələridir. Lakin bu sahələrin istifadəçiləri tərəfindən torpaqların münbitliyinin bərpası ilə bağlı vaxtlı-vaxtında zəruri tədbirlərin həyata keçirilməməsi və onların istismarında aqrotexniki qaydalara riayət edilməməsi, eləcə də torpaqların mühafizəsi sahəsində mövcud standartların və normativlərin tələblərinə tam əməl olunmaması səbəbindən bir çox yerlərdə torpaq örtüyünün eroziyaya uğraması, şoranlaşması, texnogen pozuntulara məruz qalması, humusun və s. qida maddələrinin torpağın məhsuldar qatından yuyulması, fiziki və mexaniki xassələrinin pisləşməsi halları baş verir. Hazırda əkin sahələrinin 33,7 faizi, yay otlaqlarının 70 faizi, meşələrin 26 faizi müxtəlif dərəcədə eroziyaya məruz qalmışdır.