Yem istehsalı üzrə istifadə olunan bütün kənd təsərrüfatı texnikaları örtülü, havalanan binalarda və ya çardaqlarda saxlanmalı, vaxtaşırı onlara texniki qulluq olunmalıdır.
4.1 Yem bitkilərinin əkini
Yem bitkilərindən olan paxlalı və dənli bitkiləri paralel növbələnən dar zolaqlı və ayrıayrı cərgələrlə əkirlər. Paralel zolaqlarda paxlalı bitkiləri, ayrı-ayrı cərgələrdə isə dənli bitkiləri əkirlər.
Səpin üç formada: səpələmə, cərgə (xətti) və fasiləsiz (davamlı) həyata keçirilir.
Səpələmə əkin zamanı toxum əl ilə torpağın səthinə səpələnir. Toxumun üstünü isə malalama vasitəsilə örtürlər. Cücərmə eyni qaydada getmədiyindən toxumsəpənə üstünlük verilir.
Cərgə əkini zamanı torpaqda yarıq açılır, toxum eyni dərinlikdə zəncirvari səpilərək üstü torpaqla örtülür. Mənfi tərəfi ondan ibarətdir ki, toxumlar sıx səpilir, cərgə arasında boş yerlər qalır. Bu səbəbdən cərgə əkini müxtəlif üsullarla həyata keçirilir:
• 7,5-10 sm ara məsafəli cərgə əkini (cərgəarası məsafənin 1 sm azaldılması hesabına məhsuldarlıq 1% artır).
• Kəsişən cərgəli əkin zamanı əvvəlcə toxumu sahənin uzununa və sonra eninə səpməklə sıxlaşdırma həyata keçirilər. Toxumsəpən eyni sahədə iki dəfə hərəkət edir.
• Dəqiq səpin isə səpin aqreqatlarının toxumların sayılması və səpilməsi rejimini idarə edən prosessor və sensorla təchiz edilməsindən sonra mümkündür. Bu üsulla cərgənin hər p/m-nə bərabər ara məsafəsini idarə etməklə toxum səpmək olur. Cərgəli səpinlərdə (qarğıdalı, günəbaxan və s.) bu üsuldan istifadə kütləvi şəkildə həyata keçirilir. Alaq otlarının təmizləməsi və gübrə verilməsi üçün cərgəarası 60-70 sm götürülür.
• Lentşəkilli səpin zamanı səpin xəttini enli götürürlər ki, toxum enli xətt üzrə səpilsin (10 sm-dək).
Yem bitkiləri üzrə cərgəarası məsafə aşağıdakı kimi saxlanılır:
− Yulaf, vələmir, yazlıq buğda, çovdar, arpa, çöl noxudu - 10-20 sm
− Yonca, qarayonca, xaşa - 12-20 sm
− Paxlalı bitkilər - 14-30 sm
− Raps (yaşıl kütlə üçün), çuğundur, yem yerkökü - 17-36 sm
− Şəkər çuğunduru, raps - 22-50 sm
− Yem çuğunduru - 86-70 sm
4.1.1 Torpağın becərilməsi
Nəmlik ehtiyatının toplanması, saxlanması və istifadə olunması, quruluş və məhsuldarlıq müxtəlifliyi torpaqların işlənilməsi zamanı mütləq nəzərə alınmalıdır.
Torpağın əkinqabağı becərilməsi onun elə bir vəziyyətə gətirilməsidir ki, bitkinin kökləri hərtərəfli şəkildəmaneəsiz torpağın dərinliyinə inkişaf edərək özünün həyat ehtiyacı üçün zəruri olan su, hava və qida maddələrini əldə edə bilsin.