Ənənəvi texnologiya əsasında silos hazırlığı zamanı bitki biçildikdən sonra çevrilməli, dırmıqlanaraq rulon şəklinə salınmalı, doğranmaqla texnikaya yüklənməli, saxlanma yerinə boşaldılmalı, sıxlaşdırılmalı, hermetik plyonka ilə üstü örtülərək torpaqlanmalıdır. Kimyəvi konservant olaraq, əsasən, qarışqa turşusundan istifadə olunur.
Şəkil 28. Qarğıdalı silosu hazırlama prosesi
3.4 Senajın hazırlanma texnologiyası
Senajın ənənəvi üsulla hazırlanması üçün ot kütləsi (qarayonca, yonca, xaşa, paxlalıdənli bitkilər qarışığı) biçilib soluxdurulmalı, doğranılaraq texnikaya yüklənməli, 50- 55% nəmlikdə saxlanma yeri olan uzun xəndəklərə boşaldılıb sıxlaşdırılmalı, hermetik polietlien örtüklə üzəri örtülməli və torpaqlanmalı, anaerob şəraitdə saxlanmalıdır. Paxlalı bitkilər qönçələmə, dənli bitkilər sünbül bağlama fazasında biçilməlidir.
Müasir üsulla soluxdurulmuş senajlıq kütlənin rulon formasına salındıqdan sonra stric-plyonkalarla hermetik sarınaraq anaerob şəraitdə saxlanılması da geniş yayılmışdır. Bu üsulla senaj istehsalının üstünlükləri:
▸ Yemin yüksək keyfiyyətli olması;
▸ Yüksək keyfiyyətli senajla südlük mal-qaranın yemlənməsi zamanı qüvvəli yemlərin
süd istehsalına mənfi təsiri olmadan rasiondan azalmasına şərait yaradır;
▸ Biçin, daşınma xərclərində qənaət əhəmiyyətli dərəcədə hiss olunur;
▸ Hermetik plyonka ilə sarınma itki ehtimalını sıfıra endirir;
▸ Əlverişsiz hava şəraitində belə tədarük fəaliyyətinin mümkün olması;
▸ Yemin tədarükü, saxlanması və istifadəsi zamanı əmək xərclərinin aşağı olması;