Təlim nəticəsi 3 - Təsərrüfatda növbəli əkin və yem bitkilərinin torpaq, iqlim və növbəli əkin sisteminə qarşı tələbləri
Dinləyicilər növbəli əkin sisteminin əsasları, təsnifatı, əhəmiyyəti barədə elmi təcrübi əsaslara söykənən geniş məlumat əldə edəcəklər. Yem bitkilərinin torpağın hava keçiriciliyinə, nəmlik saxlama qabiliyyətinə, yerli iqlim şəraitinə, növbəli əkin sxeminə qarşı tələbləri üzrə zəruri bilik və bacarıqlar qazanacaqlar. Silos, senaj, quru ot istehsalı texnologiyasını elmi-təcrübi əsaslarla öyrənib, praktiki olaraq həmin yemlərin hazırlanmasında aktiv iştirak imkanına sahib olmaqla bərabər, ot unu hazırlanma sexində texnoloji proseslə yaxından tanış olmaq və praktiki tədbirlər vasitəsilə qaba, qüvvəli və şirəli yemlərin quru kütlə tərkibini sadə üsulla müəyyənləşdirmək bacarığını əldə edəcəklər.
Təcrübə göstərir ki, düzgün növbəli əkin təsərrüfatda əkinçiliyin əsasını təşkil edir. Düzgün növbəli əkin sistemi dedikdə kənd təsərrüfatı bitkilərinin elmi əsaslandırılmış formada sahədə yerləşdirilməsi (əkilməsi) nəzərdə tutulur. Torpaqda uzun müddət eyni bitkinin becərilməsi məhsuldarlığa və məhsulun keyfiyyətə mənfi təsir göstərir.
Növbəli əkində bitkilərin tərkibivə növbəliliyi torpaq şəraitindən və təsərrüfatın tələblərindən asılıdır. Bu zaman ayrı-ayrı bitkilərin bioloji xüsusiyyətlərini və əvvəlki bitkiyə münasibətini də nəzərə almaq lazımdır.
Dincə (heriyə) qoyulmuş torpaq kənd təsərrüfatı bitkilərinin becərilməsindən bir vegetasiya dövrü ərzində azad olunmuş torpaq sahəsidir. Məşğul torpaq sahəsi isə vegetasiya dövrü qısa olan, torpaq sahəsini növbəti bitkilərin (birillik otlar, noxud, qarğıdalı, faraş kartof və s.) becərilməsinə hazırlamaq üçün tez yığılan bitkilərin becərildiyi sahə nəzərdə tutulur.
Payızlıq dənli bitkilər alaq otlarının inkişafına imkan vermir, yazlıq dənli bitkilər (buğda, arpa, vələmir) isə sahənin alaqlarla zibillənməsinə qarşı çox həssasdırlar. Odur ki, onları payızlıq bitkilərdən sonra şumlanmış torpaq sahələrinə əkirlər.
Dənli-paxlalı bitkilər (noxud, paxla, acı paxla, çölnoxudu və soya)torpağın azot balansını yaxşılaşdırır və bir qayda olaraq dənli bitkilərlə növbələnirlər.
Çoxillik paxlalı bitkilər (yonca, qarayonca, xaşa) və onların çoxillik dənli bitkilərlə (pişikquyruğu, daraqotu) qarışıqları ilə becərilmiş sahələr bütün dənli bitkilər, kətan, kartof, düyü, müxtəlif tərəvəz bitkiləri, pambıq və sair bitkilərin becərilməsi üçün məqbul sayılır.
Növbəli əkin sistemi təşkilinin əsas vəzifələri aşağıdakılardır:
▸ Torpağın məhsuldarlığının artırılması, onun qida maddələrinin rasional istifadə
olunması
▸ Sahənin zibillənməsini, xəstəlik və zərərvericilərlə yoluxmanı minimuma endirmək
▸ Bitkiçilik məhsulunun məhsuldarlığının artırılması və keyfiyyətinin yüksəldilməsi
▸ Torpağın külək və suyun zərərli təsiri ilə aşınmasını minimuma endirmək