Payızlıq aralıq əkin bitkiləri yay-payız dövründə əkilərək növbəti ilin yazında biçilir (payızlıq çovdar, payızlıq çöl noxudu).Çalımaltı aralıq əkin bitkiləri birillik otbitkilərini yaşıl kütlə üçün biçdikdən sonra yerinə əkilir. Məhsulu isə payızda yığılır. Bu məqsədlə paxlalı-dənli və xaççiçəkli-dənli bitkilər qarışığından istifadə edirlər.
Əlavə əkilmə aralıq əkin bitkiləri əsas bitki altına səpilir və həmin il əsas bitki yığıldıqdan sonra tədarük olunur.
Biçənək aralıq əkin bitkiləri erkən biçilmiş dənli bitkilərdən sonra həmin il (avqust ayının birinci dekadasından gec olmamaqla) əkilir.
2.3.1 Aralıq əkin bitkilərinin yetişdirilmə aqrotexnikası
Aralıq əkin, o cümlədən payızlıq əkinlər bütün aqrotexniki əməliyyatların düzgün yerinə yetirildiyi halda yüksək məhsul verir. Onları erkən yığılmış birillik qarışıq, payızlıq və ya yazlıq, bostan bitkilərinin məhsuldar torpaq (əvvəlcədən peyin verilmiş sahələrdə) sahələrində əkirlər.
Aralıq əkin bitkiləri üçün yüksək nəmliyi olan və şoran torpaqlar yararsızdır. Belə torpaqlarda bitkinin kökü çürüyür və özü isə məhv olur. Payızlıq aralıq əkin bitkiləri üçün torpaq sahəsi yaxşı hazırlanmalıdır. Torpaq sahəsi üzdən (6-8 sm dərinliyində) şumlanmalı, malalanmalı və həlqəli-dişli katok vasitəsilə sıxlaşdırılmalıdır. 10-12 gün sonra alaq otları cücərən zaman cığıraçan və mala aqreqatı olan kotanla 14-18 sm dərinliyində (humus qatı zəngin olan torpaqlarda 22-24 sm) şumlamaq lazımdır. Payızlıq rapsı 15-25 avqustda, payızlıq çovdar, arpa və buğdanı isə 5-10 gün sonra səpmək lazımdır. Rapsın toxumu 3-4 sm, digər bitkilərin toxumu isə 4-5sm dərinliyə əkilməlidir. Payızlıq dənli yem bitkiləri sünbülləmə fazası öncə, paxlalı və kələmkimiləri isə çiçəkləmə fazasında biçmək lazımdır.