Qida maddələrinə, xüsusilə fosfor və kaliuma dənli bitkilərdən daha çox tələbkardır. Digər paxlalılar kimi qırmızı yonca da atmosferdən azotu kök bakteriyaları vasitəsilə mənimsəyir.
Kültorpaqlı, ağır qaratorpaq, tünd boz və ya boz meşə torpağı (torpaq məhlulu zəif turş və ya neytral olan pH- 6-7) olan yerlərdə daha artıq məhsul verir. Kültorpaqlı sahələrdə əhəng gübrələnməsi həyata keçirilməlidir.
Çəhrayı yonca (hibrid-İsveç yoncası) qırmızı yoncadan hündürlüyünün az olması, uzun ayaqcıqlar üzərində olan başlıqların çəhrayı rəngdə olması ilə fərqlənir. Bitki yaxşı yarpaqlanmışdır. Meyvə bir və ya ikitoxumcalı paxla, toxumlar isə düzgün ürəkşəkilli formada olur. Torpağa qarşı qırmızı yoncadan az tələbkardır. Şoran və ağır gilli torpaqlarda yaxşı inkişaf edir. Münbit şəraitdə bir yerdə 7-8 il məhsul verə bilir. Toxum üçün istifadə edildikdə bitki tamamilə məhv olur.
Ağ yonca sürünən gövdəli çoxillik bitkidir. Kök sistemi torpağın üst hissələrində, 30-35 sm dərinlikdə yerləşir. Gövdə qol-budaqlıdır, düyünlər olan yerlərdən kök atır. Çiçəkləyən zoğlar dikdurandır, çiçəkləri ağ rəngdədir. Paxlasında 3-4 toxum olur.Toxumlar xırda, xallı, düzgün ürəkşəkilli formada olur. Ağ yoncanı yem bitkiləri növbəli əkini sistemi çərçivəsində malqaranın otlaq sahəsi kimi nəzərdə tutulan sahələrdə əkirlər. Əkilən ili ağ yonca gec inkişaf edir və az məhsul verir. Odur ki,onu payızlıq (buğda) və ya yazlıq (arpa) dənli bitkilərlə birlikdə əkmək məsləhətdir. Əhəng yoncanın donmasının qarşısını aldığına görə şoran torpağa əhənglənmə aparılması yaxşı nəticə verir. Məhsuldarlığı artırmaq üçün ikinci və sonrakı illərdə: ilk dəfə yazda, ikinci dəfə ikinci biçindən sonra hər hektara təsiredici maddə hesabı ilə 30-40 kq fosfor və kalium gübrəsi verilməlidir.
Ağ yoncadan toxum almaq istədikdə çiçəkləmə dövründə hər hektara 1-2 arı ailəsi qoymaq lazımdır. Toxum məhsuldarlığı 1 hektardan 1,5-3 sentnerə bərabərdir.
Yüksək keyfiyyətli ot məhsulu almaq üçün yoncanı çiçəkləmə fazasının əvvəlində biçmək lazımdır. Gecikdirdikdə yarpaqlar tökülür, ot qabalaşır və keyfiyyəti aşağı düşür.