Şəkil 22. Çoxillik dənli yem bitkiləri
2.2.2 Çoxillik paxlalı yem bitkiləri
Çoxillik ot bitkisi olan qırmızı yoncanın kökü torpağın dərinliyinə qədər1,5-2 metr gedir. Yoncanın kökü yığıla və kök boyunluğunu torpağa çəkə bildiyinə görə quraqlıq və aşağı temperatura davamlıdır. Gövdəsi dəyirmi, 6-9 buğumarasından ibarət, şaxələnmiş, hündürlüyü 50-70 sm, bəzi hallarda 150 sm-ə bərabər olur. Münbit inkişaf şəraitində qırmızı yonca yaxşı kollanır. Bir bitkidə 20-30 və daha çox gövdə əmələ gəlir. Yarpaqları mürəkkəb olmaqla üç hissədən ibarətdir. Çiçəkləri qırmızı-bənövşəyi rəngdə olmaqla, hamaşçiçəkdə başlıq hissədə toplanmışdır. Hər bir başlıqda 30-70 çiçək olur. Qırmızı yonca arı və sair həşəratların vasitəsilə çarpaz tozlanır. Meyvəsi bir və ya iki toxumca-paxladan ibarətdir. Toxumları yumru-yumurtaşəkilli, hamar və parlaq formada olur. 1000 ədəd toxumun çəkisi 1,5-2 qramdır.
Qırmızı yonca mülayim rütubətli iqlim şəraiti bitkisidir. İllik yağıntı miqdarı 400-500 mm və artıq olan ərazilərdə yüksək məhsul verir. Yeraltı suların səviyyəsinin yuxarı olduğu (ancaq torpaq səthinə 50 sm-dən yaxın olmamaqla) sahələrdə yaxşı inkişaf edir. İstiyə az tələbkardır. Toxumu 2-3 °С-də inkişaf edir. Kök atmış bitki qar olmayan qış dövründə belə - 20 °С və daha artıq şaxtaya dözümlüdür.Nəmliyə yüksək tələbatı var. Normal inkişafı üçün torpağın optimal nəmliyi tam rütubət tutumunun 70-80 %-ni təşkil etməlidir.Transpirasiya əmsalı 500-600-ə bərabərdir.