1.4 Torpağın məhsuldarlığının müəyyənləşdirilməsi
Məhsuldar torpaq dedikdə bitkilərin becərilməsi üçün kifayət qədər qida maddələri ilə zənginliyi nəzərdə tutulur. Ən məhsuldar torpaq üst hissəsində güclü humus (çürüntü) qatı (qalınlığı 110-120 sm) olan qaratorpaqdır. Ən zəif torpaqda isə humus qatının qalınlığı 2-3 sm olur.
Torpağın turşuluğunu müəyyən etmək üçün nümunəni suda qarışdırmaq və çöküntü alınanadək gözləmək lazımdır. Lakmus kağızı suda qırmızı rəngə boyanarsa, deməli, torpaq turşu reaksiyalıdır. Aqrotexnikada torpağın optimal turşuluğunun pH= 6,5-7 olması məqbul sayılır.
Əgər torpağın üst, məhsuldar qatına diqqətlə baxsaq, mürəkkəb qida zəncirini təşkil edən mineral hissəcikləri, bitki və heyvanların ölü üzvi maddələrini və müxtəlif canlı orqanizmləri görərik.
Torpağın mexaniki tərkibi nəmliyi hopdurması, qida maddələri həll olunmuş nəmliyi saxlaması, becərilməsi və oksigenlə zənginlik dərəcəsi başa düşülür. Torpağın təşkil olunduğu hissəciklər üç
yerə bölünür: qum, toz və gil. Bəzi torpaqlar, əsasən, qumdan (qumsal torpaqlar), bəziləri gildən (gilli torpaqlar), bəziləri isə tozdan ibarət olur. Torpaqlar, əsasən, bu hissəciklərin qarışığından ibarətdir.
Bu hissəciklərin nisbətini öyrənmək üçün şəffaf, içərisində su olan kolbaya bir qədər torpaq tökürük. Silkələdikdən sonra kolbanın dibinə ilk olaraq qum, sonra toz və sonda gil çökdüyünün şahidi oluruq.
1.5 Torpağın eroziyadan mühafizə olunması
Torpağı eroziyadan qorumaq üçün aşağıdakı əsas prinsiplər həyata keçirilməlidir:
1. İqlim şəraitinin (yağıntı, külək vəs.) torpağa vura biləcəyi zərərin qarşısının alınması üçün profilaktiki tədbirlərin həyata keçirilməsi;
2. Kök sistemi torpağın eroziyaya davamlılığını artıran bitkilərin əkinindən istifadə edilməsi;
3. Yaxşı bitki örtüyü torpağın eroziyaya uğramasının qarşısını alır. Torpağın il ərzində bitki örtüyü ilə zəngin olması müddətinin maksimum artırılması;
4. Yuyulmuş torpaqların bərpası işlərinin aparılması;
5. İrriqasiya fəaliyyətlərinin aqrotexniki tələblərə uyğun aparılması ilə izafi suvarma suyu ilə torpağın yuyulmasının qarşısının alınması və s.