Yaşıl kütlə 10-12% nəmliyədək qurudulduqdan sonra böyük quru kütlə siklonuna və oradan da soyuducu siklona ötürülür. Soyuducu siklondan quru kütlə daşdoğrayan maşına ötürülür. Alınmış ot unu bunkerə və oradan da qranulalaşdırıcı qurğuya verilir. Hazır məhsulqranulalar bir daha soyudularaq saxlanmaya verilir.
Ot ununu təbii və əkilmiş çoxillik bitkilərdən və s. istehsal edirlər. Qarayonca, yonca, çöl noxudu, yem paxlalıları, yem mərcisi, çoxillik paxlalı bitkilərin dənli bitkilərlə qarışığı ot unu istehsalı üçün əsas xammaldır. Paxlalı bitkilərdən hazırlanmış ot ununun qidalılığı qüvvəli yemlərin qidalılığına uyğundur.
1.2 Növbəli əkin sisteminin təşkili
Növbəli əkin istehsal olunacaq məhsulun tərkibinə əsasən aşağıdakı növlərə bölünür:
− tarla, yem və xüsusi növbəli əkinlər.
Tarla tipli növbəli əkin sxemində dənli bitkilər əkin yerinin 50%-dən artığını təşkil edir.
Yem tipli növbəli əkin sxemində isə yem bitkiləri üstünlük təşkil edir. Yaşıl konveyer təşkil etmək məqsədilə heyvandarlıq komplekslərinə yaxın əkin sahələrində fermayanı növbəli əkindən istifadə olunur. Yem-ot və otlaq növbəli əkin sahələrində, əsasən, heyvanların otlaq şəraitində yemlə təmin olunması nəzərdə tutulur.
Xüsusi tipli növbəli əkin sxemində torpağın aşınmasının qarşısını almaq məqsədilə tərəvəz, tütün, düyü, giləmeyvə və s. bitkilər əkilməsi nəzərdə tutulur.