1.1.3 Senaj
Senaj yaşıl kütlənin 40-50% nəmliyə qədər soluxdurularaq havasız (anaerob) şəraitdə sıxlaşdırılmış qaydada saxlanılması nəticəsində əldə edilən yemdir. Süd turşusu iştirak edən silosdan fərqli olaraq, senajda qida maddələrinin saxlanılmasını bakteriyaların inkişafına mane olan xammalın fizioloji quru şəkildə olması təmin edir. Senajın qidalılığı hazırlanma müddətindən asılı olaraq dəyişir. Qönçə fazasında biçilmiş yaşıl kütlədən hazırlanan senaj yüksək keyfiyyətli olur. Hermetik qüllələr senaj üçün münbit saxlanma şəraiti sayılır. Əsasən, senajı uzun xəndəkdə basdıraraq üstünü sintetik plyonkalar vasitəsilə örtüb torpaqlayırlar.
Şəkil 9. Senaj tədarükü
1.1.4 Ot unu
Ot ununun xüsusi aqreqatlarda istehsalı təbii qurutma zamanı baş verəcək itkilərdən tamamilə yayınmağa imkan verir. Yağıntının hər hansı mənfi təsirindən qorunmağa ehtiyac qalmır. Ot ununun sənaye üsulu ilə istehsalı yemçiliyin zəruri istiqamətlərindən biri olmaqla, proses kompleks mexanikləşdirilmə hesabına hazırlanma mərhələlərinin ardıcıl davamlılığı ilə xarakterizə olunur: yaşıl kütlənin biçilməsi, daşınması, qurudulması, qranula formasına salınması, saxlanmaya qoyulması.
Ot unu istehsalında xırdalayıcısı olan otbiçənlərdən istifadə edərək otu biçib, xırdalayıb (doğrayıb) nəqliyyat vasitəsinə yükləyirlər. Nəqliyyat vasitəsilə daşınan doğranmış yaşıl kütlə quruducu aqreqata boşaldılır. Ot unu istehsalında əsas aqreqat baraban tipli yüksək temperaturlu pnevmatik quruduculardan ibarət müxtəlif qurğulardır ("Neris" firmasının ABM-0,4, ABM- 0,4A, ABM- 1,5 və s.).
Texnoloji prosesin sxeminə əsasən qranulalaşdırılmış ot unu hazırlayarkən təzə biçilmiş ot xammal qurğusuna boşaldılır, oradan isə 1000-2000°C temperaturu olan qaz-hava qarışığı ilə işləyən iki əsas qurutma barabanına ötürülür.
Şəkil 10. Ot unu istehsalı