GİRİŞ
Hörmətli oxucu!
Bu modul üzrə təlim və praktiki tədbirlərdə iştirak etməklə yemçiliyin imkanları
haqqında geniş anlayışa malik olaraq, heyvandarlıq və növbəli əkin üçün
yemçiliyin əhəmiyyətini öyrənəcəksiniz. Yemçiliyin bitkiçilik və heyvandarlıq
sahələrinin əlaqələndirici sektoru olmaqla yanaşı, iqlim şəraitinin torpağa vura
biləcəyi zərərin qarşısının alınmasında da xüsusi rol oynadığını və torpağın
tərkibindəki azotun miqdarının paxlalı bitkilər vasitəsilə tənzimlənməsinə
dair zəruri elmi əsaslı məlumatları öyrənəcəksiniz. Praktiki tədbirlərdə
əldə etdiyiniz bacarıqlar torpağın məhsuldarlığını müəyyənləşdirməyə və
yemçilikdə ümumistehsal xərclərini əvvəlcədən hesablamağa imkan verir.
Regionda yemçiliyin əsasını təşkil edən birillik və çoxillik yem bitkiləri, silosluq bitkilər, kökümeyvəli və köküyumru yem bitkiləri, bostan və tərəvəz yem bitkiləri, həmin bitkilərin becərilmə qaydaları və xüsusiyyətləri haqqında zəruri biliklərə yiyələnərək, praktiki tədbirlər vasitəsilə yem bitkilərini tanımaq və yemlərin tərkibini hesablamaq bacarığını əldə edəcəksiniz.
Növbəli əkin sisteminin əsasları, təsnifatı, əhəmiyyəti barədə elmi təcrübi əsaslarla geniş məlumat alacaq, yem bitkilərinin torpağın hava keçiriciliyinə, nəmlik saxlama qabiliyyətinə, yerli iqlim şəraitinə, növbəli əkin sxeminə qarşı tələbləri üzrə zəruri bilik və bacarıqlar əldə edəcəksiniz. Silos, senaj, quru ot istehsalı texnologiyasını elmi-təcrübi əsaslarla öyrənəcək, praktiki olaraq həmin yemlərin hazırlanmasında aktiv iştirak etmə imkanı qazanacaqsınız. Ot unu hazırlanma sexində texnoloji proseslə yaxından tanış olmaqla və praktiki tədbirlər vasitəsilə qaba, qüvvəli və şirəli yemlərin quru kütlə tərkibini sadə üsulla müəyyənləşdirmək bacarığını əldə edəcəksiniz.
Yem bitkiləri əkini üçün lazım olan torpaq sahəsinin müxtəlif üsullarla şumlanması, malalanması, cizgilənərək və ya bütöv şəkildə toxum səpilməsi, gübrə verilməsi, dərmanlanması üçün lazım olan texnikalar, həmin texnikaların iş rejimi, məhsuldarlığı barədə ətraflı bilik və bacarıqlara yiyələnməklə, həmçinin yem bitkilərinin vegetasiya dövrü ərzində suvarılma işlərinin innovativ texnologiyaların tətbiqi ilə aparılması, hazır məhsulun biçilməsi, qurudulması və ya konservləşdirilməsi, saxlanılması üçün zəruri texniki avadanlıqları yaxından tanımaq, onların iş prinsiplərini mənimsəmə imkanı əldə edəcəksiniz.
Nəticədə əldə etdiyiniz bilik və bacarıqlar yemçilik üzrə ixtisaslaşmış müəssisə və ya şirkətlərdə aparıcı mütəxəssis kimi fəaliyyət göstərməyinizəköməklik göstərəcək.