Çoxlu miqdarda südü zərərsizləşdirmək üçün pasterizator adlanan xüsusi aparatdan istifadə edilir.
Quru süd pasterizə olunmuş üzlü südü vakuumkameralarda qurutmaqla alınan, konservləşdirilmiş qiymətli yeyinti məhsuludur. Müvafiq miqdarda su ilə qarışdırılmış quru süd məhluluna bərpa olunmuş süd deyilir. Bu cür süd, hətta uşaqların qidasında belə təbii südü əvəz edir: təbii şəraitə görə südçülüyün inkişaf etmədiyi rayonlarda uşaqlara bu cür süd verirlər. Qaymağın tərkibində 20-35%-ə qədər yağ olur. O, A vitamini ilə zəngindir, yüksək kalorililiyi və asan həzm olunması ilə seçilən yeyinti məhsuludur.
Turşudulmuş süd məhsulları. Bunlara xama, qatıq, kəsmik, asidofilli süd, kefir, kumıs, ryajenko (çox yağlı qatıq) və s. aiddir. Onları qabaqcadan pasterizə edilmiş südü süd turşusu mikroblarından ibarət mayalarla qıcqırtmaq yolu ilə alırlar. Bu mayalar müxtəlif növ süd turşusu bakteriyalarından və süd mayalarından, yaxud bunların müxtəlif qarışıqlarından ibarətdir. Turşudulmuş süd məhsulları qida məhsulu olmaqdan əlavə, həm də müalicə xassəsinə malikdir.
Qatıq – qidalılığına görə südə yaxındır. Bir günlük təzə qatıq bağırsaqların peristaltikasını gücləndirir və onları boşaldıcı təsirə malikdir. İki-üç günlük qatıq isə bərkidici təsir göstərir. Süddən keçən yoluxucu xəstəliklərin və qidadan zəhərlənmələrin qarşısını almaq üçün kütləvi iaşədə pasterizə olunmamış südü qıcqırtmaqla alınan qatıqdan istifadə etmək qadağandır. Adi qatığın təsiri ilə bağırsaqların mikroflorası dəyişir, lakin qatığın tərkibindəki süd turşusu mikrobları bağırsaqlarda "yaşamağa" və "uyğunlaşmağa" əlverişli şərait tapmırlar.
Kefir – südün qıcqırdılması ilə əldə edilir. Bu məhsul isə pasterizə olunmuş südün xüsusi maya "kefir dənələri" (süd turşusu bakteriyaları və mayaların xüsusi kompleksi) ilə mayalanması (çalınması) nəticəsində alınır.