Yelin vərəmi, yaxud açıq formalı ağciyər vərəmi olan heyvanların südünü içmək olmaz.
Brusellyozun yayılmasında süd və süd məhsulları mühüm yer tutur. Brusellyozla xəstə olan heyvanın südü sağıldığı yerdə hökmən 5 dəqiqə müddətində qaynadılır. Südü xəstəliyin klinik əlamətləri olmayan, lakin allergik reaksiyaya müsbət cavab verən xəstə heyvanlardan aldıqda, o, pasterizə olunmalıdır (70°C-də 30 dəqiqə müddətində). Ümumiyyətlə, bütün hallarda brusellyoza şübhəli olan təsərrüfatlardan alınan süd zavodlarda təkrar pasterizə olunmalıdır.
Südün endemik təhlükəsini aradan qaldırmaq, onda bakteriyaların sayını azaltmaq və südün keyfiyyətini artırmaq üçün aşağıdakı işləri görmək lazımdır:
1) Fermalarda sanitariya şəraiti yaradılmalı, heyvanların sağlamlığı və yemlənməsi üzərində ciddi baytar nəzarəti qoyulmalıdır;
2) Qoyunları sağdıqda, südü saxladıqda, daşıdıqda, emal etdikdə və payladıqda südə mikrob düşməsinə və onun çirklənməsinə yol verilməməlidir (heyvanların yemi və dərisi, işçilərin əlləri və paltarı təmiz olmalı, qabları qaynar qələvi məhlul ilə yuyub, sonra 0,05%-li xlorlu əhəng məhlulu ilə dezinfeksiya etməli, inəkləri maşınla sağmalı, təzə sağılmış südü tənzifdən keçirməli, sağıcıların və südlə təmasda olan digər şəxslərin sağlamlığı və şəxsi gigiyenası üzərində nəzarət qoyulmalıdır;
3) Təzə sağılmış südü 8°C-dən aşağı temperatura qədər soyutmalı və onu istehlakçıya tez çatdırmalı;
4) Südü qaynatmaqla və ya pasterizə etməklə mikrobları öldürülmüş süddən istifadə etməli.
Südü qaynatdıqda mikroorqanizmlər məhv olur, lakin onun xassələri pisləşir: albuminlərin və kalsium duzlarının bir hissəsi çökür, vitaminlər və fermentlər parçalanır, yağ emulsiyasının dispersliyi azalır, südün dadı korlanır. Təbii südün xassələrinin ən az dəyişməsi üçün qaynama prosesini pasterizasiyasının hər hansı bir növü ilə əvəz edirlər: