Əl ilə sağımda üstün tutulan sağım üsulu yumruqla sağımdır. Baş barmaqla və işarə barmağı ilə əmcəyin yuxarı hissəsindən birlikdə sıxılır və davamlı olaraq digər barmaqlar da bir-birinin ardınca əmcəyi sıxır ki, bu zaman südün sağımı prosesi başlayır.
Digər barmaqların bir-birinin ardınca bağlanması yumruq əmələ gətirir ki, bu da südün çölə çıxmasını təmin edir. Bu üsulla dəyişdirilərək hər iki əmcəkdə təkrar istifadə edilir və heyvan sağılır. Bu zaman fikir vermək lazımdır ki, yelində süd tamam qurtarana kimi sağım həyata keçirilsin. Südü yelində sona qədər sağmaq ona görə vacibdir ki, yelində qalıq südün olması yelinin iltihabı ilə nəticələnir. Təcrübəli sağıcıya qoyunu sağıb qurtarmaq üçün yalnız 2 dəqiqə kifayət edir.
Əl ilə sağımın alternativ üsulu maşınla sağımdır. Xüsusilə 30 başdan artıq olan böyük sürülərdə sağım maşınlarından istifadə edilir ki, bu da vaxta qənaətdə mühüm rol oynayır. Sürüdə sağılan qoyunların sayı çox olduqda sağım maşınlarının tətbiqi əmək sərfinə qənaət edir. Maşının hazırlanması, sağım stəkanlarının əmcəyə taxılıb çıxarılması və eləcə də cihazın təmizlənməsi üçün vaxt itkisi o qədər də çox deyil. Bu sağım üsulunda süd yığılan qabın tutumu elə nəzərdə tutulur ki, 10-30 baş heyvandan sağılan süd həmin qaba yerləşsin.
Südlük istiqamətli qoyunçuluq təsərrüfatlarında südün sağılması ilə əldə olunan süd məhsulları iqtisadi cəhətdən, mənfəət və səmərəlilik baxımından vacib rol oynayır. Xüsusilə qışda heyvanları südlük istiqamətdə yemləməklə bütün il boyu süd məhsulu əldə etmək mümkündür. Bundan başqa, südlük istiqamətli təsərrüfatlarda erkək quzuların satışını da həyata keçirmək olar. Təsərrüfatda mümkün qədər qısırlığın yaranmasına imkan verilməməlidir. Heyvan bir il müddətində qısır qaldıqda süd məhsuldarlığının azalması baş verir. Əgər uyğun yem rasionu ilə yemlənərsə, əksər qoyun cinsləri iki ildən üç ilə qədər məhsuldarlıqda azalma olmadan sağıla bilər. Sabit süd məhsulu əldə etmək üçün ildə sürünün üçdə bir hissəsinin sağılması əhəmiyyətlidir. Sürüdə ana qoyunların bir neçə il sağılmasında düzgün sağım qaydalarına riayət olunduğu zaman yelində heç bir xəstəlik baş vermir.
Əmək sərfiyyatı çox olmasın deyə, çox təsərrüfatlarda qoyunların gün ərzində bir dəfə sağımı aparılır. Bu isə yuxarıda qeyd edildiyi kimi, çox zaman süd məhsuldarlığının azalması ilə nəticələnir. Süd məhsuldarlığının aşağı düşməsi heyvanın vəziyyətindən və cinsindən, yemlənməsindən asılı olaraq 5-40% arasında dəyişir. Xüsusilə ilk balavermə zamanı laktasiyanın gedişatında məhsuldarlıqda dəyişikliklər müşahidə edilə bilər.
Süd məhsuldarlığı az olduqda gündə bir dəfə sağım aparıla bilər. Əsas şərt heyvanın ümumi vəziyyəti və yaxşı yelin quruluşu və sağlamlığının olmasıdır.
Bundan başqa, südlük istiqamətli qoyunçuluq təsərrüfatlarında qoyunları iki gündə ümumi olaraq üç dəfə sağmaq olar. Bu halda süd məhsuldarlığında heç bir azalma müşahidə edilmir.
Qoyun südünün başqa bir xüsusiliyi odur ki, keçi südündə olduğu kimi kənar qoxuları tez götürmək qabiliyyətinə malikdir.