İlk dövrlərdə əmələgələn süd ağız südü adlanır. Fiziki-kimyəvi xassələri və tərkibinə görə ağız südü adi süddən çox fərqlənir. Ağız südü sarı rəngdə olub, nisbətən qatıdır. Ağız südündə vitaminlər və mineral maddələr daha çox olur.
7.1 Qoyunun sağılması
Balavermədən sonra ana qoyunun yelininə gündəlik nəzarət edilməsi vacibdir. Yelindəki qalıq süd tamamilə sağılmalıdır ki, iltihab riskini aradan qaldırsın. Vaxtında belə əmcəklərdə zədələnmələr müəyyən edilə və müalicəsi aparıla bilər.
Südün verilmə vaxtları müxtəlifdir və təsərrüfatdan asılı olaraq fərqlənir. Təbii yetişdirmə zamanı quzular 8 həftə analarının yanında saxlanır və sonra ayrılır.
Südlük qoyun hər laktasiya ərzində təqribən 350-500 kq-a qədər süd verir.
Qoyunlarda süd məhsuldarlığı genetik olaraq heyvanın cinsindən, yemlənmə və sağım texnikasından asılı olaraq dəyişir. Gündə iki dəfə sağım vaxtı optimal hesab olunur. Gündə bir dəfə sağım aparılarsa, laktasiya ərzində südün miqdarı 35-50 % azalır.
İlk laktasiya dövründə südlük qoyunların süd məhsuldarlığı ikinci və üçüncü laktasiyadakı heyvanlara nisbətən aşağı olur. Ən yüksək süd məhsuldarlığı üçüncü və dördüncü laktasiyada olur.
Südlük qoyunlar əl ilə, yaxud da sağım maşınları ilə sağılır. Əsasən, kiçik ailə təsərrüfatlarında qoyunların sağımı əl ilə aparılır.
Qoyunların sağımına başlamazdan əvvəl, ilk olaraq təcrübəli sağıcıdan məsləhətlər almaq lazımdır. Sağım prosesini və sağım qaydasını öyrənmək lazımdır. Çünki qoyun və keçilərin sağımı elə də asan deyil. Qeyri-düzgün sağım heyvanın sağlamlığına ziyan vurur, həmçinin sağıcıya əziyyət verir.
Süd, əsasən, 24 saat ərzində yaranır və miqdarı gecə çoxluq təşkil edir. Ona görə də vacibdir ki, heyvanlar gündəlik təyin edilmiş vaxtlar ərzində sağılsın. Heyvanlar, əsasən, gündə iki dəfə sağılır. Sağım arası vaxtlar dəqiq 12 saat olmalıdır, cüzi vaxt fərqi olması mümkündür (Məs.: 10 və 14 saat).
Sağımdan öncə sağıma hazırlıq mərhələsi başlayır. Heyvanın yelini iki əllə masaj edilir. Sağım zamanı südün geri çəkilməsinə qarşı yüngülcə əl ilə əmcəklərin altına vurmaq kifayət edir. Bu hərəkət ana qoyuna quzuların süd qəbulunu xatırladır və həmin vaxt süd yenidən sərbəst verilir.
Qoyunlar arxadan, yaxud da kənar tərəfdən sağılır. Əvvəlcə süd kiçik qaba sağılır. Əmcəklərdəki ilk süd yığımı köhnə olur və tərkibi bakteriyalarla zəngin olur. Bu çirkli südün kənara sağılması təmin edilməlidir. Çünki çirkli süd qalan məhsulun da xarab olmasına səbəb ola bilər.