Noyabrdan fevral ayının əvvəllərinə qədər bala verən toğluların yemləmə proqramı ilə yazda doğulan quzuların yemləmə proqramları fərqlidir. Qışda anadan olan quzulara çox miqdarda yem verilməsi tələb olunsa da, yazda doğulan quzular otlaqlardan faydalana bilirlər. Qışda anadan olan quzuların bir həftəlik olmasından etibarən keyfiyyətli qaba yem və digər yemlərin təminatı həyata keçirilməlidir. İstifadə edilən yemdə 18-20% zülalın olmasına, sellüloza səviyyəsinin aşağı olmasına, enerji səviyyəsinin yüksək olmasına diqqət edilməlidir. Quzuların rasionlarına qatılacaq olan zülalların təbii mənbədən olması tələb olunur. Quzuların sümüklərinin inkişafı üçün lazımlı olan kalsium rasiona 1 % nisbətdə əhəng daşı və ya mərmər tozu qatılaraq təmin edilə bilər. 2/1 kalsium (Ca) / fosfor (P) nisbətini düzgün hesablanmaması quzuların tələfatına səbəb ola bilər. Quzuların yemlərlə bəslənməsi zamanı diqqət edilməsi lazım olan bəzi qaydalar var ki, onlara riayət edilməlidir:
• Quzuların saxlandığı sahə ana qoyunlara yaxın təyin olunmalıdır;
• Sahənin hər iki ucunda və yanlarında giriş-çıxış yerləri olmalıdır;
• Sığınacaq hər zaman təmiz və döşəməsi samanlı olmalıdır;
• Yerin işıqlı olması üçün günəşdən kifayət qədər yararlanma mümkün olmadıqda
süni işıq mənbəyindən istifadə edilməlidir;
• Təzə və təmiz su daimi olaraq təmin edilməlidir;
• Yem qabları quzuların üstünə çıxa bilməyəcəyi şəkildə təchiz olunmalıdır. Hər quzu
üçün ən az 8-10 sm yem qabı uzunluğu təmin edilməlidir.
Qışda doğulan quzular 2 aylıq olduqda süddən kəsilib böyütmə yeminə alışdırılmalıdır. Quzu böyütmə yemlərində 16%-dən az zülal olmamalıdır. Quzular 25-30 kq diri çəkidə olduqda zülal nisbəti 14 %-ə qədər aşağı salına bilər. Üyüdülmüş qarğıdalı, senaj və ya sidik cövhəri diri çəkisi 25 kq olana qədər quzulara verilməməlidir.
5.2.6 Südlük istiqamətdə quzuların yemlənməsi
Quzulara südün ən asan və ən ucuz verilməsi üsulu südü analarından qəbul etmələridir. Bu, hansısa səbəbdən mümkün deyilsə və ya ana balavermə zamanı tələf olmuşdursa, yaxud ananın doğumdan sonra südü yoxdursa və ya ana quzunu qəbul etmirsə, o zaman onlara süni olaraq süd verilməlidir. Anasız quzuların yetişdirilməsi isti, yaxud soyuq süd qabları ilə aparıla bilər (cədvəl 10). Quzunun südü və yaxud süd qabından verilən süd əvəzedicisini yaxşı həzm etməsi üçün süd qursaqda mümkün qədər tez parçalanmalıdır. Təbii olaraq quzu gündə 15-20 dəfə anadan az miqdarda süd qəbul edir və bununla südün orqanizmə sorulması ən yüksək keyfiyyətdə baş verir. Süni olaraq süd qablarından quzunun südü qəbulu zamanı, yaxud quzuya südü verən zaman diqqət yetirmək lazımdır ki, temperatur müvafiq olsun. Quzu südü quzu 39 oC-də qəbul etməlidir və bir dəfəyə çox süd qəbul etməməlidir. Yemləmənin ən optimal verilmə sayı gündə 3-4 dəfə olmalıdır. Bununla belə isti süd qabları üçün mümkün qədər daha çox enerji və əmək sərfi lazımdır.
Parçalanma üçün ən yaxşı üsul olaraq qarışqa turşusu istifadə edilir və 10 litr südə 38 qram qarışqa turşusu qatılır.