Südlük istiqamətdə isə qüvvəli yemin ana qoyunlara verilməsi beş həftədən artıq çəkir. Hətta süd məhsuldarlığından asılı olaraq qüvvəli yemin heyvana verilməsi daha uzun çəkə bilər.
5.2.5 Quzuların yemlənməsi
Quzuların yemlənməsi onların yetişdirilməsi istiqamətlərindən asılı olaraq həyata keçirilir. Quzular, əsasən, iki istiqamətdə yetişdirilir.
1. Südlük istiqamətdə;
2. Ətlik istiqamətdə.
Südlük istiqamətdə yetişdirilən quzunun diri çəkisi 15- 25 kq arasında dəyişir və 8 həftədən yaşlı olmamalıdır. Südlük istiqamətdə quzuların əsas yemi ana südü, yaxud da süd əvəzedicisidir. Əlavə olaraq qüvvəli yem qəbul etməsi üçün quzulara sərbəstlik verilməlidir.
Ətlik istiqamətdə yetişdirilən quzunun diri çəkisi 35- 45 kq-a qədər dəyişir və yaşı 3-5 aylıq olur. Lakin kiçik ailə təsərrüfatlarında bu quzuların yetişdirilməsi daha uzun vaxt tələb edə bilər. Doğumdan sonra ilk 5 həftə ərzində quzular ana südü ilə bəslənir, yaxud süd əvəzedicisi verilir. Daha sonra quzulara həzməgediciliyi yüksək olan sabit yem verilə bilər. Ətlik istiqamətindən və cinsindən asılı olaraq quzulara süd vermə dövrü fərqlidir. Quzuların əmizdirilməsinin uzadılmaması daha məqsədəuyğun hesab edilir. Quzuların mümkün qədər həzməgediciliyi yüksək olan qüvvəli yemlərlə yemlənməsi tövsiyə olunur.
Hər bir quzu üçün doğumdan sonra ilk saat ərzində ağız südünün verilməsi son dərəcə vacibdir. Ağız südünü qəbul etməzlərsə, bu zaman quzuların həyatda qalma şansları çox aşağı düşür. Ağız südünün tərkibində həyat üçün vacib olan qoruyucu ətraf mühitin xəstəlik törədicilərinə qarşı maddələr var. Balavermənin ilk saatında ağız südünün tərkibində bu maddələr daha zəngin olur. Bu maddələr balavermədən sonra 1-2 gün ərzində sürətlə azalır. Ağız südünün 100 sm3 həcmində verilməsi kifayət edir. Ağız südünün ehtiyat şəkildə götürülməsi də tövsiyə olunur. Bu məqsədlə yüksək məhsuldar qoyunlardan ağız südü bir neçə porsiya şəklində götürülür, dondururlur və tələb olduqca istifadə olunur. Bu ehtiyat ümumilikdə altı ay ərzində istifadə edilməli və ya yenilənməlidir.