Buna görə kafi miqdarda təmiz suyun təchizatı böyük əhəmiyyət daşıyır.
Qoyunların fizioloji vəziyyəti (boğazlıq, süd məhsuldarlığı), istehlak edilən yemlərin növü, yemləri qəbul edərkən suyun sərfiyyatı və ətraf mühitin istiliyi gündəlik su istehlak miqdarına təsir edər. Yazda isti havalarda qaba yemin istehlakı qoyunların su ehtiyacını artırır, yaşıl ot yeyən zaman qoyunların suya olan tələbatının bir qismi ödənilir.
Fizioloji vəziyyətlərinə və iqlimə bağlı olaraq qoyunlar gündə 3 litrə qədər su istehlak edə bilərlər. Ana qoyunlar qış mövsümündə qar yeyərək su ehtiyaclarını aradan qaldırırlar. Qoyunlar hər zaman təmiz və təzə suya çatacaq şəkildə su qaynaqlarına yaxın saxlanılmalıdır. Su qaynaqları hər gün təmizlənməli, qışda isə heyvanlar isti su ilə təmin edilməlidir.
Zülal
Heyvan toxumalarının quruluş daşı zülallardır. Bədən toxumalarının böyüməsi və yenilənməsi zülallar sayəsində olur. Qoyunlar çoxtərəfli məhsuldar heyvanlar olduqları üçün istehlak etdikləri zülalın qaynağından çox miqdarda olması böyük əhəmiyyət daşıyır. Ekoloji sistemdə məhsuldar heyvanlar üçün kifayət qədər yem qəbulu təmin edildikdə heyvanlar əldə etdikləri qida maddələrini fermentasiya prosesi sayəsində zülala çevirirlər. Qoyunlar yaşlandıqca onların zülal ehtiyacları azalır. Zülala ehtiyac, əsasən, heyvanın inkişafı və boğazlığı dövrlərində yüksək olur. Yem payına tərkibində zülal olan yemlər – paxlalı bitkilər və onların toxumları, ət unu, balıq unu və s. əlavələr etmək lazım gəlir. Zülalın qiymətli qida maddəsi olmasına baxmayaraq, qoyunlar orta keyfiyyətli otlaq sahələrində quru otları qəbul etməklə zülal ehtiyaclarını təmin edə bilirlər. Ancaq boy artımı, çəki artımı, boğazlığın son altı həftəsi və laktasiya dövrlərində qoyunların zülal tərkibli qida maddələrinə ehtiyacı artır. Xüsusilə yaylaqda bitki örtüyü zəif olduqda bunlara diqqət yetirmək lazım gəlir.
Minerallar
Heyvanlar duz və mineral maddələri sərbəst şəkildə, kifayət edə biləcək miqdarda və bütün il boyunca qəbul etmək imkanları əldə etməlidirlər. Əks halda mayalanmada qoçlarda zəiflik, zəif və yaşamaq gücü aşağı olan quzuların doğulması, süd məhsuldarlığında azalma, immunitet sisteminin pozulması və çoxlu sayda metabolik çatışmazlıqlar ortaya çıxır. Buna görə də qoyunçuluqla məşğul olan bölgələrdə yuxarıda sadalanan çatışmazlıqların baş verməməsi üçün yalama daşı şəklində hazırlanmış kombinə edilmiş minerallardan istifadə edilməlidir. Təbii mineral duzlarla yanaşı, selenium, kobalt kimi müxtəlif mineralların da verilməsi vacibdir. Qoyunların otlaq sahəsindəki yemlərdən əldə etdikləri minerallar tələbatı tam şəkildə ödəmədiyindən, mineralların əlavə olaraq yemlərə qatılması tövsiyə olunur.
Dəniz və ya göl duzu Na və Cl mənbəyidir. Qaya duzları isə digər bir çox mineral tərkibinə malik olduğundan daha faydalı hesab olunur.
Kalsium mənbəyi olaraq əhəng daşı və ya mərmər tozu, fosfor mənbəyi olaraq dikalsium-fosfat, kükürd mənbəyi olaraq natrium-sulfat istifadə edilə bilər.
Vitaminlər